Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir.
BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb və Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb.
Rusiya qoşunları 4 əsas istiqamətdən - şimaldan Kiyev istiqamətində, şimal-şərqdən Xarkov istiqamətində, cənub-şərqdə Donbasdan və cənubda Krımdan Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Rusiya qoşunları Ukraynanın şəhərlərini işğal etdikcə çox sayda əhali ölkəni tərk edərək qonşu və digər Avropa ölkələrinə qaçmağa başlayıb.
Rusiya ordusu Ukraynanın şəhər və vilayətlərini dəfələrlə raket hücumuna məruz qoyub. Şəhərlər arasında daha çox raket hücumuna məruz qalan Ukraynanın Nikolayev şəhəri olub.
Ukrayna fevralın 24-dən sonra işğal olunan ərazilərinin 40 %-ni azad edib. Müharibə zamanı Ukrayna Silahlı Qüvvələri Kiyev, Çerniqov, Sumı, Nikolayev və Jitomir vilayətlərini Rusiya ordusundan tamamilə azad edib.
Müharibənin ilk günlərindən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qarşı tərəfin itkilərini diqqətə çatdırır. Son rəqəmlərə görə, 1 il ərzində döyüşlər nəticəsində Rusiyanın 146 820 hərbçisi zərərsizləşdirilib.
İlk günlərdən Xerson vilayətinin bir hissəsi rus qoşunları tərəfindən ələ keçirilib. 2 mart tarixində isə Rusiyanın Müdafiə Nazirliyi Xerson şəhərini tamamilə ələ keçiridiklərini açıqlayıb. Lakin noyabrın 11-də Xerson Rusiya işğalından azad olunub. Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 14-də azad olunan Xersona səfər edib.
Hər iki ölkə arasında bir neçə dəfə əsirlərin mübadiləsi baş tutub.
Müharibənin ilk vaxtlarından işğal olunan Kiyev vilayətinin İrpen şəhəri 28 mart tarixində Rusiya işğalçılarından azad edilib.
"Azovstal" əməliyyatı
Müharibənin ilk üç ayında alınmaz qalaya çevrilən Mariupoldakı "Azovstal" zavodu ərazisində müqavimət göstərən 2 400-dən çox ukraynalı hərbçinin təslim olması ilə Rusiyanın "Azovstal" əməliyyatı başa çatıb. Mariupol uğrunda döyüşün əsas istiqaməti Mariupoldakı "Azovstal" zavodunun ərazisi hesab olunurdu. Rusiya ordusu sözügedən ərazidə genişmiqyaslı hücumlar təşkil edirdi.
2022-ci il mayın 20-də Rusiya Müdafiə Nazirliyi "Azovstal" zavodunun ərazisinin tam olaraq nəzarətə alındığını elan edib.
Rusiyanın Ukraynada Kiyev vilayətində yaratdığı Buça faciəsi
2022-ci il 3 martda Ukrayna ordusu Kiyev vilayətinin Buça şəhərini Rusiya hərbçilərindən geri alıb və yerli şəhər şurası yaxınlığında Ukrayna bayrağı qaldırılıb.
Lakin Rusiya işğalçılarından azad edilmiş Buça şəhərində işğal dövründə öldürülmüş dinc sakinlərin azı 320 nəfər olduğu bildirilmişdi.
Jitomirin azad olunması
4 aprel 2022-ci ildə Rusiya ordusu Ukraynanın Jitomir regionundan tam geri oturdulub. Jitomir tam azad edilib.
Kramatorska raket hücumu
Eyni ilin 8 aprelində isə Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 50-dən çox sakin ölüb, 100-dən çox insan yaralanıb.
Odessaya raket hücumu
2022-ci ilin 1 iyulunda Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub. Raketlərdən biri doqquzmərtəbəli yaşayış binasına düşüb. Nəticədə 17 mülki şəxs həlak olub, 31 nəfər xəsarət alıb.
Metelkino qəsəbəsinin işğalı
Müharibənin 4-cü ayında, 20 iyun tarixində Rusiya ordusu strateji vacib qəsəbəni, Metelkino qəsəbəsini işğal edib. Metelkino qəsəbəsi Ukrayna Silahlı Qüvvələri üçün mühüm strateji nöqtə hesab olunurdu.
Sentyabrın əvvəli Xarkov vilayətində əks-hücuma keçən Ukrayna ordusu Balakleya, Kupyansk və İzyum da daxil olmaqla 30-dan çox yaşayış məntəqəsini azad edib. Sentyabrın 11-i isə Rusiya ordusu Xarkov vilayətinin şimalından geri çəkilməyə başlayıb və nəticədə Ukrayna tərəfi Volçanskı azad edib.
10 noyabrda Ukrayna Silahlı Qüvvələrinin Xersonun Pravdino, Kiselyovka və Kalinovski kəndlərinə bayraq sancdığı görünür.
Soledarın tutulması
25 yanvar 2023-cü ildə Ukrayna hərbçiləri Donetsk vilayətinin Baxmut rayonunun Soledar qəsəbəsindən geri çəkiliblər.
Bildirək ki, Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində vəziyyət daha da gərginləşib. Donetsk vilayətinin Baxmut şəhərində ağır döyüşlər gedir. Rusiya ordusu separatçı qüvvələrlə birlikdə şəhəri ələ keçirməyə çalışır.
Rusiyanın genişmiqyaslı əməliyyatı nəticəsində uşaqlar arasında ən çox qurbanlar Donetsk vilayətində, Kiyev vilayətində, Xarkov vilayətində, Çerniqov vilayətində, Xerson vilayətində, Nikolayev vilayətində, Luqansk vilayətində, Zaporojye vilayətində, Sumı vilayətində, Kiyev şəhərində və Jitomir vilayətində qeydə alınıb.
Rəsmi şəxslərin Kiyev səfəri
Müharibə başlayandan bir çox rəsmi şəxslər Kiyevə səfər edib.
Fevralın 2-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə görüşüb.
Baydenin Kiyevə gözlənilməz səfəri
ABŞ Prezidenti Co Baydenin fevralın 20-si gözlənilmədən Kiyevə səfər etməsi isə müharibə zamanı diqqətçəkən ən son hadisələrdən olub. Bayden Kiyevə Ukrayna bayrağının rənglərini əks etdirən qalstuk ilə gəlib.
Bu yaxınlarda İtaliyanın baş naziri Corciya Meloni də Kiyevə səfər edib.
Qeyd edək ki, Ukraynanın ümumi sahəsi 603 548 kv.km-dir. Volodimir Zelenski son müsahibəsində Ukrayna Krımı qaytarana qədər sülh olmayacağını bildirib.
Onu da əlavə edək ki, Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibədə ümumilikdə 25 azərbaycanlı həlak olub, 52 nəfər isə itkin düşmüş sayılır. İtkin düşənlərin isə bir çoxu Ukraynanın Mariupol şəhərinə təsadüf edir. Belə ki, 2022-ci il mart və aprel aylarında şəhərə Rusiya tərəfindən ağır hücumlar zamanı 15 azərbaycanlı itkin düşüb.
Oxşar xəbərlər
Rusiyanın Ukraynaya raket hücumu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB - FOTO/VİDEO
Rusiya ordusunun Ukrayna şəhərlərinə təşkil etdiyi kütləvi raket hücumları nəticəsində ölən mülki şəxslərin sayı 11-ə çatıb. BAKU.WS UNİAN-a istinadla xəbər ver...