Müharibə fonunda neft bahalaşır - Azərbaycan üçün hansı nəticələr yarana bilər?

Müharibə fonunda neft bahalaşır - Azərbaycan üçün hansı nəticələr yarana bilər?
Siyasət 81

"İranda baş verən hərbi qarşıdurma təkcə regional təhlükəsizlik mühitinə deyil, eyni zamanda qlobal enerji bazarına da birbaşa təsir göstərir".

Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, artan gərginlik neftin hasilatı və ixrac marşrutları ilə bağlı riskləri yüksəldib ki, bu da artıq dünya bazar qiymətlərində özünü göstərməkdədir:

"Yeni həftəyə neft qiymətləri 6 faizdən çox artımla başlayıb və "Brent" markalı neftin bir barelinin qiyməti 80 dollar həddini keçib. Analitiklərin qiymətləndirməsinə görə, qarşıdurma davam edərsə və region daha geniş miqyas alarsa, qiymətlərin 80-90 dollar intervalında sabitləşməsi, hətta müəyyən ssenarilərdə 100 dollara qədər yüksəlməsi mümkündür.

Xüsusilə Hörmüz boğazında mümkün məhdudiyyətlər və ya yükdaşımada yaranacaq problemlər qiymət artımını sürətləndirə bilər. Çünki dünya neft tədarükünün əhəmiyyətli hissəsi məhz bu strateji marşrutdan keçir. Beynəlxalq maliyyə institutları və enerji bazarı üzrə aparıcı analitik mərkəzlər də qiymət dinamikasının əsasən nəqliyyat təhlükəsizliyi və müharibənin müddətindən asılı olacağını vurğulayırlar.

Azərbaycan isə neft ixrac edən ölkə kimi bu prosesdən birbaşa təsirlənir. Qlobal bazarda qiymətlərin artması ölkəyə daxil olan valyuta gəlirlərinin həcmini yüksəldə bilər. Bu isə qısamüddətli perspektivdə dövlət büdcəsi və tədiyə balansı üçün müsbət faktor sayılır.

Bununla belə, uzunmüddətli dövrdə müharibənin dərinləşməsi və enerji bazarındakı qeyri-müəyyənlik qlobal iqtisadi sabitliyə təsir göstərə bilər. Ona görə də proseslərin inkişaf trayektoriyası həm regional təhlükəsizlik, həm də enerji bazarının dayanıqlığı baxımından həlledici olacaq".

Orxan Hüseyn

Son xəbərlər