Mikayıl Cabbarov: "Mədən sənayesi azad edilmiş bölgələrdə aparıcı istiqamətə çevrilir"

Mikayıl Cabbarov: Mədən sənayesi azad edilmiş bölgələrdə aparıcı istiqamətə çevrilir
Siyasət 20

Azərbaycanın kritik mineral ehtiyatlarının 80 %-dən çoxu məhz azad edilmiş ərazilərdə cəmləşib və ölkə təxminən 30 il ərzində bu resurslardan istifadə imkanından məhrum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.

Nazir bildirib ki, bu səbəbdən mədən sənayesi həmin bölgələrdə iqtisadi fəaliyyətin aparıcı istiqamətlərindən birinə çevrilir: "Azad edilmiş ərazilərin bərpası Azərbaycan üçün yalnız iqtisadi və ya sosial layihə deyil, məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına qayıdışını təmin edən milli əhəmiyyətli prosesdir. Bölgələr yaşıl inkişaf zonaları elan olunub və bütün infrastruktur layihələri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Azad edilmiş ərazilərin iqtisadi potensialı təkcə mədənçiliklə məhdudlaşmır. Kənd təsərrüfatı, turizm, sənaye, logistika və nəqliyyat sahələri də bölgənin inkişafında mühüm rol oynayacaq".

M. Cabbarovun sözlərinə görə, Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi həm ölkə iqtisadiyyatı, həm də Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.

O əlavə edib ki, Ağdam Sənaye Parkı artıq rezidentlərin sayına görə ölkənin aparıcı sənaye zonalarından birinə çevrilib və yerli, eləcə də xarici investorların marağını cəlb edir.

Son xəbərlər