Məcnun Məmmədov: "Aqrar sahədə yeni qanunun qəbul edilməsi nəzərdə tutulur"

Məcnun Məmmədov: Aqrar sahədə yeni qanunun qəbul edilməsi nəzərdə tutulur
Siyasət 10

Azərbaycanda aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi, bu məqsədlə yeni qanunun qəbul edilməsi nəzərdə tutulur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı fəaliyyəti, məhsul və istehsalçı kimi əsas anlayışların vahid qanunla təsbit ediləcək, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsasları formalaşdırılacaq: "Eyni zamanda, aqrar terminologiyanın unifikasiyası çərçivəsində iqlim dəyişiklikləri, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmalar qanunvericilikdə öz əksini tapacaq. Balıqçılıq və akvakultura sahəsində 1998-ci ildən qüvvədə olan qanunvericiliyin də yenilənməsi nəzərdə tutulub. Yeni "Balıqçılıq haqqında" qanun rəqəmsallaşmanın genişləndirilməsini, qeydiyyat və uçotun sadələşdirilməsini, elektron xidmətlərin tətbiq edilməsini və idarəetmənin təkmilləşdirilməsini təmin edəcək. Eyni zamanda, nəzarətin gücləndirilməsi ilə subioresursların qorunacaq, qanunsuz ovçuluğun qarşısı alınacaq".

Bundan başqa, nazir deyib ki, bitkiçilik sektorunda - toxumçuluq sahəsində islahat aparılması nəzərdə tutulur: "Toxumçuluq haqqında" qanunun beynəlxalq standarta uyğun yenilənməsi planlaşdırılır. Yeni çərçivə sertifikatlaşdırma və toxum təsnifatını, elektron xidmətlərin genişləndirilməsini və özəl sektorun elit toxum istehsalında iştirakını təmin edəcək. Eyni zamanda toxumların emalı və idxalına nəzarət gücləndiriləcək, keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq. Dövlət Proqramının əsas istiqamətlərindən biri torpaq ehtiyatlarının səmərəli istifadəsidir. Bu məqsədlə kənd təsərrüfatı təyinatlı torpaqların parçalanmasının qarşısının alınması, torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Qanunvericilik dəyişiklikləri ilə hüquqi-institusional baza yaradılacaq, torpaqların birləşdirilməsi və səmərəli istifadəsi təmin ediləcək. Pilot layihələrin nəticələrinə əsasən bu təcrübə genişləndiriləcək, torpaq istifadəsinin səmərəliliyi və istehsal xərclərinin azaldılması dəstəklənəcək".

Onun sözlərinə görə, fermerlərin maliyyə resursuna çıxışının genişləndirilməsi üçün "Məhsul şəhadətnaməsi haqqında" qanunun qəbulu nəzərdə tutulur: "Bu mexanizm anbar məhsullarının qiymətli aktiv kimi rəsmiləşdirilməsinə və girov kimi istifadəsinə imkan verəcək. Son nəticədə fermerlərin dövriyyə kapitalına çıxışı asanlaşacaq, maliyyə bazarları ilə əlaqələir güclənəcək, investisiya imkanları genişlənəcək. Beləliklə, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan normativ-hüquqi islahatlar aqrar sektorun idarəetməsinin təkmilləşdirilməsinə, rəqabətqabiliyyətliliyinin artırılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və kənd təsərrüfatının müasir inkişaf çağırışlarına uyğun şəkildə transformasiyasına mühüm töhfə verəcək".

Son xəbərlər