Mariupolda tələbə olmuş azərbaycanlı Ukraynadakı müharibənin dəhşətlərindən danışdı

Mariupolda tələbə olmuş azərbaycanlı Ukraynadakı müharibənin dəhşətlərindən danışdı
Siyasət 145

Azərbaycan vətəndaşı, hərbi jurnalist Ayxan Hacıbəyli Rusiya qoşunlarının Ukrayna ərazisində hərbi əməliyyatlara başlamasından sonra bu ölkəyə yollanıb.

O, bir neçə il Mariupolda yaşayıb və şəhərdə yaşanan faciəyə biganə qala bilməyib.

İndi o, mülki şəxslərə kömək edir və Ukrayna mətbuatı üçün reportajlar yazır.

Bu yaxınlarda isə onun köməyi ilə azərbaycanlı tələbə Hüseyn Abdullayev rusiyalı hərbçilərin əsirliyindən xilas edilib.

BAKU.WS xəbər verir ki, Ayxan Hacıbəyli “media.az”a açıqlamasında Mariupolda ona yaxın olmuş şəxslərin taleyindən, şəhərdə yaşanan müharibə dəhşətlərindən və şəhərin müdafiəsində ukraynalı hərbçilərin göstərdiyi müstəsna qəhrəmanlıqlara toxunub.

Mariupoldakı tanışlarının taleyindən danışan Ayxan Hacıbəyli qeyd edib ki, onların yarısı artıq həyatda yoxdurlar, digərləri isə əsirlikdədirlər:

“Bir çoxlarının taleyi haqqında isə heç nə bilmirəm. Bu müddət ərzində mən özüm bombardmanlardan gizlənməyə çalışmışam, yanımda silahlar partlayırdı, amma bu, Mariupol sakinlərinin yaşadıqları ilə müqayisədə çox xırda məsələlərdir. Mən ölən uşağı dəfn etmək üçün onun parçalarını yığmaq məcburiyyətində qalan insanı şəxsən tanıyıram. Dinc sakinlər şəhərdən təxliyyə edilərkən bəxtləri gətirib rusların keçid məntəqəsindən sağ-salamat çıxa bilirdilərsə, qatillərin onlara gülümsəyərək dedikləri “Hamınıza xeyirli olsun, yolunuz açıq olsun”, - sözlərini eşitmək məcburiyyətində qalırdılar.

Bir gün eyni universitetdə oxuduğumuz bir tanışım yemək bişirmək üçün Mariupoldakı evinin yanında ocaq yandırdı. Anası və nənəsi ondan təxminən 20 metr aralıda dayanaraq prosesi izləyirdilər. Təsəvvür edin, oğlana baxırlar və gözlərinin qabağında onun üzərinə mərmi düşür. Ana demək olar ki, ölən uşağın qanının və bədən hissələrinin içində idi”.

Sözünə davam edən Ayxan Hacıbəyli ailənin sonrakı taleyi haqqında isə bunları söylədi:

“Tanışımın ailəsi Mariupoldan təxliyə olundu. Mən onlarla danışmışam. Anası və nənəsi isə oğlanın itkin düşdüyünü iddia edir. Onlar iddia edirlər ki, mərmi başqa bir şəxsə dəyib və onların oğlu/nəvəsi çox qorxduğu üçün qaçıb. Qadınlar tam dəli olmamaq üçün özlərini aldatmaqla məşğul olurlar. Və belə hadisələr kifayət qədərdir. Ən pisi odur ki, mən ölənlərin çoxunu tanıyıram. Onlarla bir masada oturmuşam. Hətta Ukrayna qalib gəlsə də, mən onları artıq heç vaxt görməyəcəm. Başqa yoldaşlarımın ölüm xəbərini eşidəndə də ah çəkirəm. Hazırda isə ümumiyyətlə, heç kimin kədərlənməyə vaxtı yoxdur”.

Ayxan Hacıbəyli Mariupoldakı son hərbi vəziyyətdən də danışıb.

O qeyd edib ki, Rusiya ordusunun Ukraynada yerləşən 10 hərbi hissəsindən 4-ü Mariupola yeridilib:

“Qarşı tərəfində artıq 22 mindən çox hərbçi məhv edilib ki, onlardan 9-u generaldır. Bu, bütün komandanlıq (Rusiya tərəfini nəzərdə tutur – red.) üçün rüsvaylıqdır. Təsəvvür edin, on il davam edən Əfqanıstan müharibəsində rəsmi məlumatlara görə, 15 min əsgəri və təxminən 4-5 general həlak olmuşdu.

Bir qayda olaraq, Mariupoldakı keçid məntəqələrində rus əsgərlərləri deyil, buryatlar, çeçenlər, ermənilər və bir çox başqa xalqların nümayəndələri durur. Vinoqradovka kəndində döyüş əməliyyatlarında Ermənistan xüsusi təyinatlıları iştirak edir. Onlar müəllifi ermənilərə işləyən bədnam Semyon Peqov olan “War Gonzo” layihəsinin süjetinə də düşüblər. Kadrlarda erməni bayraqları ilə hərbi geyimdə olan əsgərlər açıq-aydın əks olunub, jurnalist hətta onlarla danışıb”.

Ayxan Hacıbəyli sözünün davamında qeyd edib ki, bütün baş verənlərə baxmayaraq mariupollular təslim olmurlar.

“Rusiyalı hərbçilər də görünür, buna görə sinirlənirlər. Mariupol sakinləri təslim olmurlar, çünki onların stimulu var, onlar öz torpaqlarındadırlar. Bir çox ukraynalı hərbi pilotlar göydən humanitar yardım atmaq üçün könüllü, risk edərək, şəhərə doğru yola düşüblər. Mariupol hadisələri “300 spartalı” filminin süjetindən heç də az faciəvi deyil. Şəhərə hətta kimyəvi silahlar da atılıb. Partlayışın səsi 100 kilometr aralıda eşidilirdi. Nüvə bombasından başqa Rusiya ordusu Mariupol sakinlərinə qarşı mümkün olan hər şeyi işə salıb. Orada isə nə qədər talan, zorlama faktları qeydə alınıb. Rus əsgərləri mənim hər bir tanışımın evinə soxulub, təbii ki, əllərinə keçəni oğurlayıb aparıblar”.

Son xəbərlər