İlham Əliyev: "Biz istəyirik ki, o unudulmaz günləri bir daha yaşayaq"

İlham Əliyev: Biz istəyirik ki, o unudulmaz günləri bir daha yaşayaq
Siyasət 1120

"Biz IV İslam Həmrəylik Oyunları zamanı könüllülərin fəaliyyətini səbirsizliklə gözləyirik. Könüllülər üçün də bu, yeni bir imkan olacaq ki, öz məharətini, peşəkarlığını göstərsinlər. Mən bilirəm ki, Avropa Oyunları başa çatandan sonra könüllülər də bir qədər darıxırlar. Biz hamımız darıxırıq. Biz əlbəttə, istəyirik ki, o unudulmaz günləri bir daha yaşayaq".  

BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclasında yekun nitqində söyləyib. 

Dövlət başçısı bildirib ki, İslam Həmrəylik Oyunlarında da könüllülərimiz çox fəal işləyəcəklər. Onların rolu həddindən artıq böyükdür: "Bildiyiniz kimi, bütün könüllülər tərifnamə ilə təltif olunmuşlar. Onlar gələcəyimizdir, gənclərdir, hazırlıqlı, vətənpərvər, bilikli, artıq böyük təcrübəyə malik olan insanlardır. Ümumiyyətlə, idarəetmə sistemlərimizdə biz gəncləşmə siyasətini aparmalıyıq. Azərbaycan müasirləşir, inkişaf edir, nəsillər dəyişir və belə gənclər hazırlanmalıdır ki, gələcəkdə onlar ölkəmizi inamla idarə etsinlər".

İlham Əliyev qeyd edib ki, oyunların başlamasına iki ildən az vaxt qalır: "Oyunlar 2017-ci ilin may ayında keçiriləcəkdir. Ona görə, Təşkilat Komitəsi artıq bu gündən fəal işə başlamalıdır. Bilirəm ki, bu günə qədər hazırlıq işləri aparılmışdır. Bu gün bu, məruzələrdə də səsləndi. Bütün qurumlar əlaqəli şəkildə işləməlidir ki, Oyunları yüksək səviyyədə keçirək. Bir daha demək istəyirəm ki, biz Avropa Oyunlarına göstərdiyimiz yanaşmanı bu Oyunlarda da göstərməliyik. Bu Oyunlar Avropa Oyunlarından az əhəmiyyət kəsb etmir. Elə etməliyik ki, bir daha Azərbaycan öz qonaqpərvərliyini, təşkilatçılıq qabiliyyətini, ümumiyyətlə, öz potensialını bütün dünyaya göstərsin".

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər