İlham Əliyevə təbrik məktubu gəlməkdə davam edir

İlham Əliyevə təbrik məktubu gəlməkdə davam edir
Siyasət 122

İtaliya prezidenti Sercio Mattarella Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BAKU.WS xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Respublika Günü münasibətilə Sizi İtaliya xalqı adından və şəxsən öz adımdan təbrik edir, Azərbaycan Respublikasının firavan gələcəyi naminə səmimi arzularımı çatdırıram.

Bakı ilə Romanı yalnız energetika sektorundan mədəniyyət sahəsinə qədər olan və ortaq maraqlara söykənən, ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əldə edilən strateji məqsədlər deyil, həm də xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirir.

Azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olması pandemiyanın ən pis dövrlərində yenidən öz təsdiqini tapdı. Bunun da qarşılıqlı həmrəylik təşəbbüsləri ilə nəticələndiyini görmək mənim üçün xüsusi məmnunluq mənbəyidir.

Bu kontekstdə ümid edirəm ki, tezliklə Avropa İttifaqi ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi imzalanacaq. Əminəm ki, bu, ölkələrimiz arasında artıq mövcud olan möhkəm və çoxşaxəli münasibətlərin daha da inkişafına təkan verəcək.

Dərin hörmət hissi ilə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram".

Bundan başqa, Çex prezidenti Miloş Zeman da dövlət başçısına təbrik məktubu ünvanlayıb.

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi və xalqınızı milli bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Təsadüfi deyil ki, bəzi Qərb ölkələrindən onilliklər əvvəl qadınlara səsvermə hüququ verən ölkəniz müsəlman dünyasında ilk demokratik və dünyəvi respublikanın elan olunmasının ildönümünü özünün Milli Günü kimi seçdi. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri bütün dünyada hörmətə layiqdir. Təəssüf ki, eyni ildə köhnə dünyanın xarabalıqları üzərində qurulan Çexoslovakiyadan fərqli olaraq, o dövr dünyasının sərt reallıqlarında Azərbaycan Xalq Cümhuriyyətinə müstəqilliyini qorumaq nəsib olmadı.

Sizə və bütün həmvətənlərinizə səmimi qəlbdən arzu edirəm ki, XXI əsrin üçüncü onilliyində ölkəniz bütün qonşuları ilə sülh şəraitində yaşayan, azad, müstəqil və firavan dövlət olaraq müasir Azərbaycanın müstəqilliyini quranların ümid və arzularına uyğun inkişaf etsin.

İcazə verin, fürsətdən istifadə edərək Sizi əmin edim ki, Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirirəm. Ümid edirəm, bu münasibətlər daha da inkişaf edəcək. Mən ölkələrimiz arasındakı əlaqələrin davamlı olaraq dərinləşməsinə və inkişafına böyük əhəmiyyət verirəm.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Son xəbərlər