İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB

İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB
Siyasət 104

Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Əvvəlcə xatirə fotosu çəkdirildi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin IX Qlobal Bakı Forumunu açaraq dedi:

- Zati-aliləri, Prezident İlham Əliyev.

Zati-aliləri, xanımlar və cənablar.

Mənim adım İsmail Serageldindir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin həmsədriyəm.

IX Qlobal Bakı Forumunun açılış sessiyasında sizi salamlamaqdan şərəf hissi keçiririk. IX Qlobal Bakı Forumu çərçivəsində ilk sessiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açılış nitqi üçün söz vermək mənim üçün böyük şərəfdir və bununla da Forum öz işinə başlayacaq. Buyurun, Zati-aliləri.

Dövlətimizin başçısı Forumun açılış mərasimində nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Çox sağ olun. Sabahınız xeyir, hörmətli dostlar, xanımlar və cənablar.

Hörmətli prezidentlər, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hörmətli həmsədrləri.

Sizin hamınızı salamlayıram. Bu gün bizimlə olduğunuza görə sizə təşəkkürümü ifadə etmək istəyirəm. Bu gün IX Qlobal Bakı Forumunun açılışıdır və əminəm ki, müzakirələr həmişəki kimi çox məhsuldar olacaq. Çünki bizim böyük auditoriyamız var. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və Forumda iştirak edən qonaqlar əminəm ki, qlobal arenada ən vacib məsələlərlə bağlı çox açıq və səmimi müzakirəyə töhfə verəcəklər.

Əminəm ki, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcək. Öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilmişdir. Biz İdarə Heyətinin üzvləri ilə dünən görüşdük və mənə məlumat verildi ki, IX Forumda demək olar ki, 50 ölkədən nümayəndə, yüksək səviyyəli nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur. Bu, bizim müzakirələrin cəlbedici olduğunu nümayiş etdirir, bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir və o, çox faydalıdır, onun çox mühüm praktiki təsiri var.

Mən əminəm ki, bu gün Bakıda və bazar günü Şuşada müzakirə olunan məsələlər qərar qəbul edən şəxslər üçün vacib olacaq. Çünki bu gün heç vaxt olmadığı kimi, yeni yanaşmaların işlənib hazırlanmasına ehtiyac var. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə, xanım Vike-Freyberqaya və cənab Serageldinə Mərkəzin və Qlobal Forumun, - hesab edirəm ki, indi bu Forum beynəlxalq aparıcı forumlar sırasında yüksək yerdədir, - transformasiyasına verdikləri böyük töhfələr üçün təşəkkürümü bildirmək istəyirəm. Həmçinin İdarə Heyətinin bütün üzvlərinə bu transformasiyada fəal rol oynadıqlarına görə təşəkkürümü bildirmək istəyirəm.

Yeni yanaşmalar haqqında danışarkən görürük ki, ötən ilin noyabrına təsadüf edən, burada – “Gülüstan” sarayında keçirilən görüşümüzdən bəri dünyanın dəyişməsi aydındır. Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanması üçün lazım olanlar da bunlardır. Əlbəttə ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda, mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.

Eyni zamanda, mən əminəm ki, gündəlikdə duran məsələlərdən biri beynəlxalq institutların, aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması məsələsi olacaq. Çünki bu məsələ labüddür, o, artıq bizə yaxınlaşır. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr, həmçinin miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər. Bu, ərzaq böhranı nəticəsində baş verəcəkdir. Enerji bazarlarındakı vəziyyəti buraya əlavə etsək, bu vəziyyəti proqnozlaşdırmaq çətindir. O, istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər buna yönəlib. Bütün bunlar yeni çağırışlardır. Mənim indi dediklərim altı ay bundan əvvəl burada əyləşərək söylədiklərimdən tamamilə fərqlidir. Bu, onu göstərir ki, hər şey dəyişə bilər, hər şey dəyişir və heç nə sabit deyil.

Əlbəttə, Azərbaycanın Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram və Qarabağ münaqişəsinin həlli, zənnimcə, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Keçən dəfə görüşəndə mən işğal, dağıntı və xalqımızın demək olar ki, otuz il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunları təkrarlamaq istəmirəm, bunlar artıq məlumdur. Çünki işğaldan azad edilmiş ərazilərdə o qədər ziyarətçilər - siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər.

Keçən il Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sessiyalardan birini Şuşada təşkil etmişdir. Mən buna görə Mərkəzə minnətdaram və bizim orada görüşmək imkanımız oldu. Mən qonaqlarımız üçün sanki bir bələdçi olaraq onlara vəziyyəti göstərirdim. Buna görə mən bizim müharibədən sonrakı vəziyyət, Qafqazda regional təhlükəsizliklə bağlı yanaşmalarımızı ifadə etmək istəyirəm. Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.

Ermənistanla münasibətlərin normallaşması prosesinə gəlincə, biz sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdik. Ermənistan cavab vermədi. Sonra biz daha bir addım atdıq. Biz hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdük. Bu beş prinsipin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi bizi məmnun etdi. Beləliklə, bu, müsbət dinamikadır. Lakin indi biz praktiki icraya keçməliyik. Çünki işğal vaxtının tarixindən bildiyimizə əsaslanaraq danışıqlar apararkən bəzən Ermənistan rəsmiləri tərəfindən hətta yüksək səviyyədə ifadə edilmiş sözlərin o qədər də böyük məna daşımadığını bilirik. Çünki bizə addımların atılması lazımdır. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və biz eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlayacaqdır.

Biz, həmçinin sərhədimizin delimitasiyasına başlanılması ilə bağlı təklif irəli sürdük. Çünki sərhədimizin ən böyük hissəsi də işğal altında idi və orada heç vaxt delimitasiya aparılmamışdır. Buna görə də bu proses də başlanılıb və Azərbaycan-Ermənistan sərhəd komissiyasının birinci birgə iclası keçən ay sərhəddə baş tutmuşdur. Hər iki tərəfin sərhəddə görüşməsi də rəmzi xarakter daşıyırdı. Bu, həmçinin bu məsələdə irəliləyişin olacağına dair mühüm mesaj idi. Əlbəttə ki, biz bu yolun uzun olduğunu anlayırıq, lakin bu proses artıq başlayıb. Eyni zamanda, biz kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl edəcəyini gözləyirik ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olsun. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin, əfsuslar olsun ki, indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, qəbuledilməzdir. Birincisi, bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda sanki bir disbalans yaradır. Çünki eyni Bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir və biz bununla razılaşmayacağıq. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Bu, mənə əvvəlki danışıqlar dövrünü xatırladır ki, Ermənistan o zamanlar vaxt udmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi. Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu. Nəticə o oldu ki, Ermənistanın ideoloji bazası tamamilə darmadağın edildi. Otuzillik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, onlar dünya ictimaiyyətinin gözündə işğalçı və təcavüzkar oldular. Müharibə başa çatdıqdan sonra artıq hər kəs görə bilər ki, onlar işğal dövründə oraları necə viran qoyublar.

Beləliklə, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var.

Diqqətinizi cəlb etmək istədiyim digər bir məsələ Azərbaycanda yaşayan ermənilərlə bağlıdır. Mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri Paşinyanın Brüsseldə baş tutmuş üçtərəfli görüşümüzün nəticələrinə dair cənab Şarl Mişel tərəfindən yayılmış bəyanatda aydın şəkildə deyilir ki, Qarabağda yaşayan erməni əhalisinin də hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Biz bunu tam şəkildə dəstəkləyirik. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Yəni, bizim Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər. Bəli, hüquqlar və təhlükəsizlik məsələləri tərəfimizdən təmin ediləcək. Lakin, təəssüflər olsun ki, biz Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin şahidi oluruq. Bu, tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq var idi. Təəssüflər olsun ki, bu, baş verir və bunun çox ciddi nəticələri ola bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir.

Sizin bilməyinizi istədiyim digər bir məsələ ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə fərziyyələrlə bağlıdır. Minsk qrupu 1992-ci ildə təsis edilib və onun mandatı münaqişənin həllinə yardım etməkdən ibarət olub. Lakin faktiki olaraq onun fəaliyyəti sıfırla nəticələnib. Təsəvvür edin ki, ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida. Yox, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır.

Bizim mövqeyimiz ondan ibarətdir ki, Minsk qrupu ilə bağlı Ermənistanda və ya digər ölkədə hər hansı fərziyyə Azərbaycanda ancaq qıcıq doğurur. Biz münaqişəni həll etdik, Minsk qrupu tərəfindən hazırlanmış və Madrid prinsipləri adlandırılan prinsiplər öz həllini tapıb və artıq biz Ermənistanla münasibətləri normallaşdırmaq, sülh sazişi imzalamaq üzərində çalışmalıyıq. Hesab edirəm ki, hər iki tərəf xoş məramla çalışsa, biz sülh sazişini bir il ərzində imzalaya bilərik. Daha sonra Qafqaza sülh gələcək. Bizim Qafqazla bağlı baxışımız inteqrasiya və əməkdaşlıqdan ibarətdir və Azərbaycan bir neçə dəfə buna start verməyi, ilkin addımları atmağı təklif edib. Biz bu məsələ ilə bağlı gürcüstanlı həmkarlarımızla məsləhətləşmə aparmışıq və Gürcüstan hökuməti də bu ideyanı dəstəkləyir – Gürcüstanda Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi və dialoqun başlanılması. Təəssüflər olsun ki, Ermənistan bundan imtina edir. Bunun səbəbini bilmirəm və buna qaneedici izahat tapa bilmirəm. Bildiyimə görə buna bənzər təşəbbüslər bəzi Avropa təsisatları tərəfindən də irəli sürülüb. Lakin yenə də imtina edilib. Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir? Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq. Beləliklə, biz Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər? Bizim mövqeyimiz aydındır, Gürcüstan hökumətinin də mövqeyi aydındır ki, biz dialoq və təmaslara start verməliyik. Ancaq, əlbəttə ki, Ermənistansız bu, mümkün olmayacaq. Xüsusilə, cari vəziyyəti nəzərə aldıqda, regional əhəmiyyətli məsələlərin müzakirəsinə ehtiyac var - ətraf mühitin qorunması, Azərbaycan ərazisində təbiətin ciddi çirklənməsinə səbəb olan transsərhəd çaylar, nəqliyyat sahəsində əməkdaşlıq, tranzitlə bağlı yeni imkanlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsinin yekunlaşdırılmasına yaxındır. Yeni marşrutlar və enerji təhlükəsizliyi də bu sıradadır. Hesab edirəm ki, işə başlamağın vaxtıdır. Biz 30 il itirdik və erməni işğalı olmasa idi, düşünürəm ki, Cənubi Qafqaz bu gün daha müasir, dinamik və daha geniş iqtisadi potensiala malik region ola bilərdi.

Enerji təhlükəsizliyi ilə bağlı bir neçə kəlmə demək istərdim. Çünki bu da qlobal gündəliyin aktual məsələlərindəndir. Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır. Bu il fevral ayının 4-də “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və gələcək addımlarımızı müzakirə etdik. Lakın Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq. Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var.

Biz dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri ilə bu məsələni ətraflı müzakirə etdik. Biz artıq bu işlərə başlamışıq. Biz bu səyləri davam etdirməyi planlaşdırırıq və bir il yarımdan sonra 700 meqavatdan artıq külək və günəş enerjisi həcmi istifadə oluna biləcəkdir. Bu, yalnız başlanğıcdır. Potensial daha böyükdür. Artıq biz 4 qeqavat enerji həcmi ilə bağlı razılaşma imzalamışıq, ancaq təkcə Xəzər dənizinin potensialı 157 qeqavatdan ibarətdir. Bu, nəhəng həcmdir və şübhəsiz ki, Azərbaycan yaşıl enerji zonasına çevriləcək və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçu olacaqdır.

Sizin çox vaxtınızı almaq istəmirəm. Çıxışımı burada yekunlaşdırıram. Sizə bir daha xoş gəlmisiniz deyirəm. Bizimlə bir yerdə olduğunuza görə sağ olun. Forumun işinə uğurlar arzulayıram və əminəm ki, bu, həmişəki kimi belə də olacaqdır.

Sonra Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edərək dünyada hazırkı geosiyasi vəziyyət haqqında danışdı, münaqişələrin aradan qaldırılması, müharibələrin baş verməməsi üçün beynəlxalq səviyyədə səyləri birləşdirməyin vacibliyini vurğuladı.

Təhlükəsizlik, yeni dünya nizamı və sülhə nail olmanın yolları barədə qənaətini bölüşən Vayra Vike-Freyberqa dedi:

- Biz Bakıda IX Qlobal Foruma ev sahibliyi edən ölkənin Prezidenti tərəfindən səmimi qarşılandıq. Bu auditoriya qarısında çıxış etmək üçün vaxt ayırdığına və Azərbaycanın ərazilərini işğaldan azad etməyə müvəffəq olandan indiyədək baş verən mühüm tarixi hadisələrə aydınlıq gətirdiyinə görə cənab Prezidentə təşəkkür edirik. Onun öz evini, yurd-yuvasını, doğma torpağını itirmiş insanlara verdiyi ümid sözsüz ki, ilhamvericidir.

Latviyanın sabiq Prezidenti Azərbaycanla Ermənistan arasında sülhə nail olunması istiqamətində atılan addımları təqdirəlayiq hesab etdiyini bildirdi. Bu baxımdan Avropa İttifaqının da səylərini müsbət qiymətləndirən Vayra Vike-Freyberqa dedi:

- Prezident Əliyevin vurğuladığı kimi, danışıqlarda iştirak etmək üçün xoş məram, onun ölkəsi tərəfdən xoş məram, zənnimcə, irəliləyiş üçün nəyin lazım olduğunun nümunəsidir.

Vayra Vike-Freyberqa Azərbaycanın dünyadakı münaqişələrin həllinə yanaşmasını müsbət dəyərləndirərək vurğuladı:

- Düşünürəm ki, Prezident Əliyevdən eşitdiyimiz əsas məqamlar üzləşdiyimiz böhranlara baxış tərzini müəyyənləşdirir.

Müharibə və təhdidlərin beynəlxalq səviyyədə bir sıra ciddi problemlər doğurduğunu bildirən Vayra Vike-Freyberqa münaqişələrin həlli yollarının tapılması baxımından Forumun işini yüksək qiymətləndirdi.

Latviyanın sabiq Prezidentinin fikirlərinə şərik olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin onlara yaradılan şəraitə görə təşəkkür edərək dedi:

- Mən də fürsətdən istifadə edərək bu illər ərzində həm Qlobal Bakı Forumunda, həm də Nizami Gəncəvi Mərkəzinin digər toplantılarında bizim üçün azad məkan yaratdığına görə Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycan Prezidentinin himayəsi altında biz hər zaman fərqli fikirləri dinləmək, təcrübəli və xoşməramlı insanların ideyalarını irəli sürmələri üçün özümüzü azad hiss etmişik.

Albaniya Prezidenti İlir Meta beynəlxalq səviyyədə problemlərin ədalətli həlli üçün Birləşmiş Millətlər Təşkilatının rolunun gücləndirilməsinin vacibliyini vurğuladı. O, müharibələrin baş verməməsi üçün dünya güclərini beynəlxalq səylərini artırmağa çağırdı. Belə müzakirələr üçün yaratdığı şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən Prezident İlir Meta qeyd etdi:

- Mən fürsətdən istifadə edərək göstərdiyi dəstəyə, Albaniya və regionumuzda Trans-Adriatik və İonik-Adriatik boru kəmərlərinin uğurlu icrasına görə Azərbaycana və Prezident Əliyevə bir daha minnətdarlığımı bildirirəm.

Pandemiya ilə bağlı imkanları birləşdirməyin, beynəlxalq səviyyədə inteqrasiyanı gücləndirməyin və əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayan İlir Meta Bakıda təşkil olunan bu mühüm tədbirin təşkilatçılarına bir daha minnətdarlığını çatdırdı.

Sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç çıxış edərək dedi:

- Möhtərəm Prezident Əliyev, mən Qarabağın bərpası işlərində Sizə uğurlar arzulayıram. İkinci Qarabağ müharibəsindən sonra əldə etdiyiniz razılaşmaların tam həyata keçirilməsində və Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində qorunmasında Sizə uğurlar arzulayıram.

Şefik Caferoviç gələcək dünyamızın münaqişəsiz və təhlükəsiz olması üçün beynəlxalq əməkdaşlığı gücləndirməyin vacibliyini vurğuladı. O, konkret faktlar əsasında BMT-də islahatların aparılmasının zəruriliyini diqqətə çatdırdı.

Daha sonra çıxış edən Gürcüstan Prezidenti Salome Zurabişvili sülh, təhlükəsizlik, fundamental insan hüquqları, ərzaq və enerji çatışmazlığı problemi barədə qənaətini bölüşdü. O, Cənubi Qafqazda sülhün bərqərar edilməsinin günümüzün əsas məsələlərindən olduğunu vurğulayaraq bildirdi:

- Mən Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında sülh danışıqları və etimad yaratmaq prosesindəki iştirakını alqışlayıram.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus da müzakirələrdə iştirakından məmnunluğunu bildirdi. Dünyada peyvəndləmə ilə bağlı xeyli iş görülsə də, bunun hələ də yetərli olmadığını vurğulayan Tedros Qebreyesus beynəlxalq səhiyyə sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi zərurətini vurğulayaraq dedi:

- Ümumdünya Səhiyyə Təşkilatı olaraq, pandemiya ilə mübarizədə Azərbaycanın gördüyü işlər yüksək qiymətləndirilməlidir. Mən Azərbaycanda yoluxma və ölüm sayının pandemiyanın əvvəlindən bu yana ən aşağı həddə olduğunu görməyə çox şadam.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru müharibələrin ağır nəticələrinin dünya səhiyyəsinə də mənfi təsirlər göstərdiyini qeyd etdi. Bildirdi ki, bu baxımdan konkret tədbirlər həyata keçirilməlidir.

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım çıxış edərək dedi:

- Hörmətli sədr, çıxışımın əvvəlində bizə yüksək qonaqpərvərlik göstərən möhtərəm cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ənənəyə çevirdiyi bu Forumda iştirak etməkdən məmnunluğumu bildirir və bu tədbirə dəvətə görə hörmətli İsmail Serageldinə və xanım Vayra Vike-Freyberqaya minnətdarlığımı bildirirəm.

Binəli Yıldırım Türkiyənin beynəlxalq ədalətin bərpası üçün ardıcıl və kompleks işlər gördüyünü konkret faktlar əsasında diqqətə çatdırdı. O, Cənubi Qafqazın sülh, dostluq və əməkdaşlıq meydanına çevrilməli olduğunu xüsusi vurğulayaraq bildirdi:

- Bunun bir çox nümunəsi var. Hörmətli Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Qarabağ münaqişəsinin həllinə 26 il ərzində BMT, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar tərəfindən cəhd göstərilsə də, heç bir nəticə əldə olunmadı. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqları öz imkanı və gücü ilə azad etdi.

BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya dünyanı narahat edən məsələlərin müzakirəsinə xüsusi həssaslıqla yanaşdığı üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və digər bu kimi məsələlərin müzakirəsi üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq edərək dedi:

- Mən səmimi qarşılanma və qonaqpərvərliyinə görə Zati-aliləri Prezident Əliyevə və IX Qlobal Forumu təşkil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən, həmçinin əvvəllər dəfələrlə səfərdə olduğum, qədim tarixə malik, müasir şəhər olan Bakıya yenidən gəldiyimə görə çox şadam və buradakı dəyişikliyi bir daha görməyi səbirsizliklə gözləyirəm.

Pandemiyanın dünyadakı sosial bərabərsizliyi daha qabarıq üzə çıxardığını və bu problemin öhdəsindən uğurla gəlmək üçün beynəlxalq ictimaiyyətin səylərini gücləndirməsinin vacibliyini qeyd edən Tatyana Valovaya bu istiqamətdə BMT-nin üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün görülən işlərdən danışdı. O, COVID-19-un planetdə yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görüləcək bir çox işlərin olduğunu bildirdi.

Ərəb Liqasının səkkizinci baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyt Forumun mövzusunun müzakirə baxımından əhəmiyyətli olduğunu bildirdi. O, Qlobal Bakı Forumuna davamlı dəstəyinə və qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə minnətdarlıq edərək dedi:

- İcazənizlə, ilk növbədə, qısaca olaraq Prezident İlham Əliyevə müraciət edim. Cənab Prezident, mən ilk dəfədir ki, Bakı Forumunda iştirak edirəm. Misirin xarici işlər naziri qismində bu şəhərdə üç dəfə səfərdə olmuşam. Sonuncu dəfə 2009-cu ildə burada olmuşam. Lakin cənab Prezident, bu şəhərdəki inkişafın məni nə qədər heyrətləndirdiyini Sizə bildirməliyəm. Siz onu böyük, müasir şəhərə çevirmisiniz və mən Sizin nailiyyətlərinizi alqışlayıram.

Misirin sabiq xarici işlər naziri böhranların və qeyri-müəyyənliklərin yaşandığı dünyada sülhə nail olunması, daha təhlükəsiz dünyanın qurulması üçün vacib addımların atılmasının zəruri olduğunu vurğuladı.

Sonda çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Forumun işinə uğurlar arzulayaraq dedi:

- Cənab Prezident bizim xəyal etməyə cəsarətimiz olmalıdır və biz xəyallarımızın gücünə inanmalıyıq, lakin biz indiki və gələcək zamanın reallıqlarına kök salmalıyıq. Biz daha böyük şaxələnmədə yaşamaq üçün hamımızın irəlilədiyi bir vaxtda münaqişədən sülhə doğru, qorxudan təhlükəsizliyə doğru və milli təhlükəsizlikdən insan təhlükəsizliyinə doğru irəliləyə biləcəyimizi təmin etməliyik.

Cənab Prezident, Qlobal Bakı Forumunda Siz bizə bu məkanı və azadlığı vermisiniz və biz əcdadlarımızın müdrikliyinə layiq olmağa, ola bilsin, bizdən sonra gələn nəsillərimizə töhfə verməyə çalışaraq şaxələnmə ilə bağlı müzakirələrin aparılacağını səbirsizliklə gözləyirik. Bununla da, cənab Prezident, bizə bu qədər çox vaxt ayırdığınız üçün Sizə təşəkkürümü bildirmək və Qlobal Bakı Forumunu rəsmi olaraq açıq elan etmək istəyirəm. Sizinlə birlikdə olmaq və Forumun sonunda Sizə məruzə etmək ümidi ilə. Təşəkkür edirəm. İclası bağlı elan edirəm.

Forum işini panel iclaslarla davam etdirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.

***

18.32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Əvvəlcə xatirə fotosu çəkdirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin IX Qlobal Bakı Forumunu açaraq deyib:

- Zati-aliləri, Prezident İlham Əliyev.

Zati-aliləri, xanımlar və cənablar.

Mənim adım İsmail Serageldindir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin həmsədriyəm.

IX Qlobal Bakı Forumunun açılış sessiyasında sizi salamlamaqdan şərəf hissi keçiririk. IX Qlobal Bakı Forumu çərçivəsində ilk sessiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açılış nitqi üçün söz vermək mənim üçün böyük şərəfdir və bununla da Forum öz işinə başlayacaq. Buyurun, Zati-aliləri.

Son xəbərlər