İlham Əliyev Nikol Paşinyanın savadsızlığını üzə çıxardı - TƏHLİL

İlham Əliyev Nikol Paşinyanın savadsızlığını üzə çıxardı - TƏHLİL
Siyasət 6472

Ermənistanın Baş naziri Nikol Paşinyan siyasət sahəsində olduğu kimi, tarixi faktlarda da bilgilərini az və yanlış olduğunu bu yaxınlarda bir daha sübut etdi. Onun erməni faşist cəlladı Garegin Njde ilə Sovet İttifaqı qəhrəmanı, ictimai və siyasi xadim Aleksandr Soljenitsını müqayisə etməsi savadsızlığını ortaya qoymuşdu.

Bəs bu məsələ necə oldu ki, gündəmə gəldi?

Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında toxunmuşdu. İlham Əliyev öz çıxışında işğalçı Ermənistanda faşizm əlaltılarına rəsmi səviyyədə pərəstiş faktına toxunub. O, Ermənistanda faşizmin qəhrəman obrazının yaradılmasından danışıb:

“Təəssüf ki, bu, MDB məkanında, xüsusən də Ermənistanda baş verir. Burada keçmiş hakimiyyət “Qaregin Njde” ləqəbi ilə alman faşistlərinə xidmət edən cəllad və satqın Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində abidə ucaltdı. Təəssüflər olsun ki, Ermənistanın yeni hökuməti bu abidəni sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin tərənnümünə yer olmamalıdır”.

Nikol Paşinyan isə Njdeni müdafiə etməyə çalışıb və iddia edib ki, guya Njde “türk işğalı”ma qarşı vuruşub. Paşinyan bununla da sələflərinin yalanlarını davam etdirib.

Paşinyanın çıxışı Rusiyada da kəskin reaksiya ilə qarşılanmışdı. Məsələyə münasibət bildirən Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirmişdi ki, Moskva İkinci Dünya Müharibəsinin tarixini təkrar yazmaq istəyənlərə layiqli cavab verməlidir. D.Savelyev Armavir şəhərində (Krasnodar diyarı) nasistlərin tərəfdarı Qaregin Njdeyə memorialın ucaldılmasından da hiddətlənərək bunu cinayət adlandırmışdı:

“Sovet xalqının igidliyi, əcdadlarımıza bunun nəyin bahasına başa gəlməsinə dair narahat xatirə Qərbə lazım deyil. Lakin müqəddəs yer boş qalmır. Ermənistanda Qaregin Njdenin abidəsi ucaldıldı. Onun nasistlərin adamı olması, Qırmızı Ordunun arxa cəbhəsində diversiyalar törətmək məqsədilə Bolqarıstanda agentləri cəlb etməsinə dair rəsmi sənədlər var. Amma onun abidəsini ucaldırlar.

Fikrimcə, bu cinayət “nasizmin reabilitasiyası” kimi qiymətləndirilməlidir, başqa cür deyil. Həm Rusiya, həm beynəlxalq qanunlara əsasən. Njdenin abidələrinin ucaldılması nasist cinayətkarın qəhrəmanlaşdırılmasıdır. Burada başqa fikirlər ola bilməz”.

Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov isə Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı.

Məlumat üçün bildirək ki, Njde müharibə zamanı həm də arxa cəbhədə strateji obyektlərdə, o cümlədən dəmir yollarında partlayışlar törətməyə qadir diversantların hazırlanması ilə məşğul idi. Bir sözlə, müasir beynəlxalq hüquq dilində desək, o, beynəlxalq terrorçu olub. Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.

O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.

Nəhayət ki, İlham Əliyevin məsələni beynəlxalq səviyyədə qaldırması və ardınca Rusiyada rəsmi şəxslərin reaksiyası nəticəsində faşist əlaltısı Njdeyə qoyulan abidə 2 gün öncə söküldü.

Faşistlər əməkdaşlıq etmiş şəxslərin cinayətkar və vətən xaini hesab edilməsini nəzərə alsaq, faşizmlə əməkdaşlıqda adı hallanan bir satqının xatirəsinin Armavirdə əbədiləşdirilməsi heç bir məntiqə sığmırdı və haqlı narazılığa səbəb olurdu. Beləliklə, xatirə lövhəsinin sökülməsi ilə bu məsələ öz məntiqi sonunu tapdı və ədalət bərpa edildi.

Bunu həm də İlham Əliyevin Paşinyan üzərində diplomatik qələbəsi kimi də hesab etmək olar. Çünki onun qaldırdığı bir məsələyə qısa müddətdə reaksiya verildi və məsələ müsbət həllini tapdı.

Bu günlərdə isə Ermənistanın zham.am saytında “Niyə Əliyev özünə Paşinyanı lağa qoymağa rəva bilir?” başlıqlı məqalə çıxıb. Məqalədə belə bir fikir yer alıb ki, Azərbaycan əslində Paşinyanın çoxdan bildiyimiz tarixi savadsızlığını üzə çıxara bildi, amma ümid edirdi ki, bu xaricə məlum olmayacaq. Məqalədə həmçinin İlham Əliyevin Njdeni Molotov və Soljenitsınla müqayisə edən Paşinyanın tarixi faktlardan tamamilə anlayışının olmadığını göstərməsi ilə bağlı fikirləri yer alıb.

Əslində bu, Ermənistan ictimaiyyətinin də Paşinyanın həm özünü, həm də Ermənistanda biabır etməsini etiraf etməkdir.

Politoloq Elxan Şahinoğlu BAKU.WS-ə bildirib ki, Azərbaycanla Ermənistan arasında təkcə təmas xəttində deyil, həm də ideoloji savaş gedir.

O deyib ki, İlham Əliyev bu ideoloji savaşda uğur qazandı:

“Ermənilər öz ölkələrində Njdeyə 6 metrlik abidə qoymaqla kifayətlənmədi və Rusiyada da özlərinin sıx yaşadığı vilayətlərdə də belə abidələr qoymağa başladılar. Bununla da böyük səhv etdilər. Bu, müharibədən ən çox əziyyət və milyonlarla itki verən Rusiya üçün də dözülməz hal idi. İlham Əliyev bu məsələni beynəlxalq konfranslarda, prezidentlərlə görüşdə dilə gətirməsindən sonra Rusiya ictimaiyyətindən də gözlənilən reaksiyalar verildi. Nəhayət ki, abidə ortadan qaldırıldı”.

Politoloq Paşinyanın son çıxışlarının birində Njdenin faktiki olaraq faşistlərlə əməkdaşlıq etdiyini etiraf etdiyini, lakin Ermənistandakı abidəni sökməyə cəsarətinin çatmadığını bildirib:

“Abidə Paşinyanın dövründə yox, Sərkisyanın dövründə qoyulub. Amma indi o, özünün devirdiyi prezidentin siyasi və diplomatik yükünü çəkir. Abidəni söksə, bilir ki, Ermənistanda sərt reaksiya ilə üzləşəcək.

İlham Əliyev isə bu məsələni qaldırmaqla Paşinyanı açıqlama vermək məcburiyyətində qoyur. Paşinyan da hər dəfə danışanda daha çox səhvlər buraxır”.

Son xəbərlər