Leyla Əliyeva: "Bu gün biz, sərt mövqe tutmağa hazırıq" - FOTO
Moskvada "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 25 illiyinə həsr olunan anım mərasimi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ukrayna otelinin Konqres-parkında keçirilən tədbir Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) tərəfindən təşkil olunub.
"Ölməz yaddaş" adı altında keçirilən anım tədbirində erməni əsirliyində olan Dürdanə Ağayevanın müəllifi olduğu "Erməni əsirliyində 8 gün" adlı kitabının təqdimat mərasimi keçirilib. Eyni zamanda tədbir çərçivəsində 25 Xocalı sakininin taleyindən bəhs edən sərgi nümayiş olunub.
Tədbir çərçivəsində S.Q. Stroqonov adına Moskva Dövlət İncəsənət-Sənaye Akademiyasının tələbələri onlayn rejimdə Xocalı, müharibə, sülh və ədalət mövzusundan bəhs edən rəsmlər çəkiblər.
Anım mərasiminin rəsmi hissəsi Xocalı soyqırımının qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edib. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə iştirakçıları məlumatlandırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti faciə qurbanlarının xatirəsini bir daha yad edərək, bu hadisələrdən 25 il keçməsinə baxmayaraq, onun yaddaşlarda daha da möhkəmləndiyini bildirib: "Deyirlər zaman yaraları sağaldır. Lakin bizim yaramızı zaman sağaltmaq gücündə deyil. Xocalı qurbanları hər zaman bizim yaddaşımızda qalacaq. Xocalı faciəsi törədilən vaxt körpə olan xocalılar artıq özləri valideyndirlər. Lakin onlar indiyənə kimi öz doğma yurdlarına gedə bilmirlər. Bu ağrılıdır və ədalətsizlikdir. Çox vacibdir ki, dünya ictimaiyyəti bu hadisəyə qiymət versin, təqsirkarlar öz cəzalarına çatsınlar. Artıq 30 ilə yaxındır ki, bu münaqişə davam edir. Nəticədə 20 faiz torpaqlarımız işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Azərbaycan sülh ölkəsidir. Bizim ölkədə əsrlər böyü müxtəlif xalqların, dinlərin nümayəndələri mehriban qonşuluq şəraitində yaşayıblar və yaşayırlar. Bizim qonşu ölkələrimizlə də mehriban münasibətlərimiz var. Lakin bu gün biz sərt mövqe tutmağa da hazırıq. Ona görə ki, öz ərazi bütövlüyümüz bərpasını tələb edirik, torpaqlarımız uğrunda mübarizə aparırıq".
Leyla Əliyeva 2008-ci ildə "Xocalıya ədalət" beynəlxalq kampaniyasına start verdiklərini söyləyib: "Bu kampaniyanın məqsədi qorxunc faciə haqqında həqiqi məlumatların dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu günlərdə demək olar ki, dünyanın bütün ölkələrində Xocalı faciəsinə həsr olunan tədbirlər keçirilir. Biz konfranslar, seminarlar, sərgilər, təşkil edirik, filmlər çəkirik, kitablar nəşr edirik. Bu günlərdə, Afina, Brüssel, Vilnüs, London və Parisdə xatirə konsertləri keçirilib. Berlində sərgi, Bosniya və Hersoqaviniyada isə Xocalıya həsr olunan beynəlxalq konfrans keçirilib. Bir qədə əvvəl ABŞ-da "Sonsuz dəhliz" filminin təqdimat mərasimi keçirilib. Bu filmdə Xocalıda baş verən bütün dəhşətlər haqqında danışılır. Bu film münaqişə tərəflərinə aidiyyatı olmayan, böyük insani dəyərlərə malik, ədalətə inanan insanlar tərəfindən çəkilib.
Bu gün hər zaman olduğu kimi bu gecəni Rusiya paytaxtında, Moskvada keçiririk. Azərbaycan və Rusiyanı dostluq və mehriban qonşuluq bir-birinə bağlayır. Biz əldə etdiklərimizlə kifayətlənməyəcəyik. Əlimizdən gələni edəcəyik ki, bütün dünya bu faciə haqqında bilsin. Ona görə ki, belə faciə dünyanın heç bir yerində bir daha təkrarlanmamalıdır. Bizim kampaniyamızı onlarla dövlətlər dəstəkləyir. Bir çox ölkələrin parlamentləri Xocalıda azərbaycanlılara qarşı soyqırımı faktı törədildiyini tanıyırlar".
Tədbirin rəsmi hissəsi bitəndən sonra Rusiyanın xalq artisti Aleksandr Rudinin rəhbərliyi altında "Musica Viva" Moskva kamera Orkestrinin konsert proqramı baş tutub.
Qeyd edək ki, anım mərasimində Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və siyasətçilər iştirak ediblər.
BAKU.WS
Oxşar xəbərlər
Xocalı soyqırımının 25 ili tamam olur
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 25 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusi...