İranın Azərbaycana etdiyi xəyanətlər faktlarla: Dünən Şuşa, bu gün Naxçıvan

İranın Azərbaycana etdiyi xəyanətlər faktlarla: Dünən Şuşa, bu gün Naxçıvan
Siyasət 115

Martın 5-də İran Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə hücum etdi. Hadisə ilə bağlı Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, iclasda tarixi analogiya aparmağa əsas yaradan bir hissə diqqətimi xüsusilə çəkdi. Dövlət başçısı bildirdi ki, səhər ona məlumat verilib ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin, çünki onların imkanı yoxdur:

"Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?"

"Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsilə yarıldı", - deyə dövlət başçısı bildirib.

İranın Azərbaycana etdiyi xəyanətlər faktlarla: Dünən Şuşa, bu gün Naxçıvan

İran xəyanətinin digər bir nümunəsini xatırladaq. Belə ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan edəndən sonra parlament səviyyəsində Azərbaycan nümayəndə heyəti müstəqilliyimizi tanıtmaq üçün İrana yola düşüb. Lakin bir həftə ərzində tamamilə bunun əksi olan reaksiyalarla üzləşib. Nümayəndə heyətinin tərkibində olan istiqlalçı deputatların sözlərinə görə, hətta ölkə müstəqilliyini tanıtmaq niyyəti ilə gedən nümayəndə heyətimizə İrana birləşmək təklif edilib, nəinki müstəqilliyimizi tanımaq. Sözdə islam, əslində isə xəyanət respublikasının Azərbaycana qarşı nankor, xəbis addımları bununla da bitməyib. Ölkəmizin müstəqilliyini həzm edə bilməyən, bunun Güney azərbaycanlılar üçün də stimul ola biləcəyini düşünən fars-molla rejimi bir neçə il ərzində, xüsusən də Birinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı ən murdar əməllərə imza atıb.

İranın Azərbaycana etdiyi xəyanətlər faktlarla: Dünən Şuşa, bu gün Naxçıvan

Davam edək... Çünki xəyanət respublikasının mənfur əməlləri bununla da bitmir. Məsələn, 1992-ci ilin may ayının 6-da İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin rəsmi dəvəti ilə Azərbaycanın nümayəndə heyəti İranda Ermənistan nümayəndə heyəti ilə üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana yola düşüb, elə həmin gün Tehranda İran İslam Respublikasının rəhbərliyi ilə görüşüb. Axşam isə Ermənistanın nümayəndə heyəti İrana gəlib. Ermənistan nümayəndə heyəti ilə görüşlər mayın 7-də İran İslam Respublikası prezidentinin iqamətgahında hər üç tərəfin iştirakı ilə başlanılıb, lakin müəyyən bir qərara gəlinmədiyi üçün sənəd imzalamaq mümkün olmayıb. Nəhayət, bir gün sonra bütün günü və ayın 7-dən 8-nə keçən gecə hər iki nümayəndə heyəti İran rəhbərliyinin bilavasitə iştirakı ilə danışıqları davam etdirib. Nəticədə Azərbaycanı qane edən bir sənəd hazırlanıb və bu sənədə əsasən, Azərbaycanın çox təkidlə tələb etdiyi bəzi məsələlər həll olunub. Həmin əsas məsələ isə ondan ibarət olub ki, Ermənistanla Azərbaycan arasında bütün sərhəd boyu, o cümlədən Qarabağda, bütün münaqişə zonalarında atəş dayandırılsın və buna İranın müşahidəçiləri, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (1 yanvar 1995-ci il tarixindən etibarən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT - red.) tərəfindən göndərilən müşahidəçilər nəzarət etsinlər. Sənəd imzalandıqdan sonra nümayəndə heyətimiz təcili olaraq Tehrana, təyyarə limanına yola düşüb və Bakıya qayıdıb. Elə Tehranda təyyarəyə minərkən artıq məlumat verilib ki, Ermənistanın hərbi qüvvələri Laçın rayonu tərəfdən Azərbaycan ərazisinə hücuma keçib, Şuşa ətrafında ağır döyüşlər gedir və çox gərgin vəziyyət yaranıb. Elə həmin gün, mayın 8-də Şuşa işğal edilib. Beləliklə, İranla imzalanan daha bir sənəd "suya düşüb".

İranın Azərbaycana etdiyi xəyanətlər faktlarla: Dünən Şuşa, bu gün Naxçıvan

İranın həmin siyasəti bu gün də davam edir. Yəni molla rejimi diplomatiya tribunasında "qonşuluq" və "islam həmrəyliyi" kimi ali dəyərlərdən danışsa da, istənilən cinayəti törətməyə hazır olduğunu nümayiş etdirir və edir də. Əbəs deyil ki, dünyada dini müstəvidə terrorla ən çox məşğul olan ölkə də İran sayılır. Tarixi araşdıranda da bu həqiqət gün kimi aydın olur. Hətta bu tarixi 12-13-cü əsrlərdə mövcud olan Nizari-İsmaili (Xaşxaşilər) teokratik dövləti ilə də paralelləşdirmək olar. Çünki İran rejiminin dəst-xətti, demək olar ki, həm ideoloji, həm siyasi, həm də əməli olaraq sələflərinin siyasətindən fərqlənmir. Xüsusən də dövlətin və onun dayaqlarını təşkil edən "Xaşxaşilər" təşkilatının əsasını qoyan və ölümünə qədər hazırda İranda yerləşən Ələmut qalasında fəaliyyətini davam etdirən Həsən Sabbahın əsas siyasi yanaşması da bu idi ki, digər dövlətləri qorxutmaq və razılaşmağa məcbur etmək üçün onların rəsmilərinə qarşı davamlı terror aktı həyata keçirilirdi. Bu baxımdan, "Xaşxaşilər", hətta dünyanın ilk terror təşkilatı da sayılır. Terror qurbanı olanlar arasında ən tanınmış simalar Səlcuqlu dövlətinin baş vəziri Nizamülmülk, vəzirlər Abdulrahman əl-Simirumi, Fatimi dövlətinin vəziri əl-Afdal Şahinşah, Abbasilər dövlətinin xəlifəsi Müstərşid, İraq Səlcuqlu hökmdarı Sultan Davud, həmçinin Əyyubilər dövlətinin banisi Səlahəddin Əyyubi sui-qəsd cəhdi nəticəsində yaralananlar arasındadır.

İranın Azərbaycana etdiyi xəyanətlər faktlarla: Dünən Şuşa, bu gün Naxçıvan

Bütün bu faktlar göstərir ki, İranın Azərbaycana münasibəti təsadüfi epizodlardan ibarət deyil, sistemli və ardıcıl siyasətin nəticəsidir. Tarixin müxtəlif mərhələlərində - istər müstəqilliyin ilk illərində, istər Birinci Qarabağ müharibəsi dövründə, istərsə də son illərdə baş verən hadisələr eyni xətti açıq şəkildə nümayiş etdirir: İranın diplomatiya pərdəsi arxasında gizlənən ikili oyun və Azərbaycana qarşı yönəlmiş gizli təzyiq siyasəti. Lakin Tehran anlamalıdır ki, bu gün qarşısında 1990-cı illərin zəif və parçalanmış Azərbaycanı yoxdur. Bu gün regionda söz sahibi olan, siyasi, iqtisadi və hərbi baxımdan güclənmiş bir dövlət var. Azərbaycan artıq tarixdən dərs çıxaran, dostunu da, düşmənini də yaxşı tanıyan və milli maraqlarını qətiyyətlə qoruyan ölkədir. Bunun əksinə, xəyanət üzərində qurulan siyasət isə əsla uzunömürlü olmur. Necə ki, bu gün xəyanət üzərində qurulan və son çırpıntılarını yaşayan molla rejiminin də sonuna az qalıb.

Son xəbərlər