İlham Əliyevin Özbəkistana səfəri münasibətlərin strateji xarakterinin növbəti təsdiqi oldu - RƏY
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə əldə etdiyi yüksək dinamikanın və strateji xarakterinin növbəti təsdiqi oldu.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
O qeyd edib ki, iki ölkə arasında əlaqələrin əsasını ortaq tarixi, mədəni və mənəvi köklər, xalqlar arasında əsrlər boyu formalaşmış dostluq və qardaşlıq münasibətləri təşkil edir:
"Hazırkı mərhələdə bu tarixi bağlar artıq geniş siyasi, iqtisadi və regional əməkdaşlıq gündəliyi ilə tamamlanır. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər göstərir ki, rəsmi Bakı və Daşkənd qarşılıqlı münasibətləri uzunmüddətli strateji maraqlar üzərində inkişaf etdirmək əzmindədir".
Ü. Zülfiqar vurğulayıb ki, Xəzər dənizi bu gün Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirən mühüm nəqliyyat və iqtisadi bağlantı rolunu oynayır. Onun sözlərinə görə, Orta Dəhlizin əhəmiyyətinin artması, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi fonunda Azərbaycan-Özbəkistan əməkdaşlığı bütövlükdə regionlararası inteqrasiya baxımından xüsusi əhəmiyyət qazanır.
Ülviyyə Zülfiqar
"Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya əməkdaşlığının genişləndirilməsi, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi tərəflərin siyasi münasibətləri konkret iqtisadi nəticələrlə möhkəmləndirmək niyyətini nümayiş etdirir".
Siyasi şərhçi hesab edir ki, Prezident İlham Əliyevin 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinin yaxın illərdə reallaşdırılmasının mümkünlüyünü vurğulaması da mövcud iqtisadi potensiala verilən qiymətin göstəricisidir:
"Prezident İlham Əliyevin Özbəkistana səfəri göstərdi ki, Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixi və milli-mədəni bağlardan güc almaqla yanaşı, bu gün regional əməkdaşlıq, iqtisadi inteqrasiya və Türk dünyasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır".
O bildirib ki, səfərin mühüm məqamlarından biri də Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun yüksək səviyyəsi və regional məsələlər üzrə mövqelərin yaxınlığıdır.
"Hər iki ölkə qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsinə, Türk dünyasının siyasi və iqtisadi potensialının gücləndirilməsinə xüsusi önəm verir. Rəsmi Bakı ilə Daşkənd arasında formalaşmış yüksək səviyyəli siyasi etimad eyni zamanda yeni birgə təşəbbüslərin irəli sürülməsi və regional layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycan-Özbəkistan tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, daha geniş coğrafiyada əməkdaşlığın və qarşılıqlı bağlantıların güclənməsinə xidmət edən mühüm amillərdən biri kimi çıxış edir".
Oxşar xəbərlər
İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cən...