İlham Əliyevin Ağ Evdə keçirdiyi görüşlər Azərbaycan diplomatiya tarixində dönüş nöqtəsi kimi yadda qaldı

İlham Əliyevin Ağ Evdə keçirdiyi görüşlər Azərbaycan diplomatiya tarixində dönüş nöqtəsi kimi yadda qaldı
Siyasət 29

Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə keçirdiyi görüşlər Azərbaycanın diplomatiya tarixində tarixi dönüş nöqtəsi kimi yadda qaldı.

Bunu report-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov deyib.

O qeyd edib ki, bu səfər Azərbaycan-ABŞ münasibətlərini strateji tərəfdaşlıq mərhələsinə yüksəldir və Ermənistan-Azərbaycan sülh gündəliyinin konkret nəticələrə doğru irəliləməsinə ciddi təkan verir:

"Azərbaycan həmişə ABŞ ilə qarşılıqlı fayda və hörmətə əsaslanan münasibətlərin inkişafında maraqlı olmuşdur. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin ABŞ-yə rəsmi səfəri ilə əsası qoyulmuş məzmunlu tərəfdaşlıq çərçivəsində ötən onilliklər ərzində xeyli uğurlar əldə edilmişdi. Təəssüf ki, Cozef Baydenin prezidentliyi dövründə ABŞ administrasiyasının qeyri-rasional addımları nəticəsində ikitərəfli münasibətlərimiz xeyli zərər görmüşdü. 2024-cü ildə Donald Trampın yenidən prezident seçilməsi iki ölkə arasında münasibətləri qaydaya salmaq üçün imkan açmışdır. Donald Trampın prezident kimi vəzifələrinin icrasına başladığı cari ilin yanvar ayından bəri keçən qısa müddət ərzində iki ölkə rəhbərliyinin tapşırığı ilə davamlı təmaslar həyata keçirilmiş və yüksək səviyyəli siyasi dialoq üçün zəmin hazırlanmışdır".

Q.Məmmədov bildirib ki, Prezident Donald Trampın Prezident İlham Əliyevi Ağ Evə dəvət etməsi və iki ölkə liderləri arasında aparılmış məzmunlu danışıqlar etimad mühitini bərpa edib və əlaqələri strateji tərəfdaşlıq müstəvisinə qaytarıb. Həmin görüş zamanı imzalanmış Anlaşma Memorandumu gələcək strateji əlaqələr üçün möhkəm hüquqi-siyasi baza yaradır.

"Bütün bu addımlar iki ölkə arasında ticarət, nəqliyyat, müdafiə, təhlükəsizlik, yeni texnologiyalar, süni intellekt daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə praktik əməkdaşlıq üçün möhkəm əsaslar yaratmışdır.

Səfər çərçivəsində sülh müqaviləsinin paraflanması onun imzalanması istiqamətində əhəmiyyətli addımdır. Prezident İlham Əliyevin görüşdən sonra verdiyi müsahibəsində bildirdiyi kimi, Ermənistanın yerinə yetirməli ev tapşırıqları hələ qalmaqdadır. Söhbət sülh sazişinin imzalanması üçün Azərbaycanın digər şərtinin yerinə yetirilməsi - Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından gedir", - deputat vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın ATƏT-in Minsk Qrupunun ləğv edilməsinə razı olması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıya şərait yaratmaq öhdəliyini yenidən təsdiq etməsi Prezident İlham Əliyevin prinsipial mövqeyinin təntənəsi və Azərbaycanın tarixi uğurudur:

"Vaşinqton səfəri Prezident İlham Əliyevin ölkənin milli maraqlarını qorumaq, sülh və regional sabitliyi təmin etmək istiqamətində nümayiş etdirdiyi liderliyin bariz nümunəsidir. Prezidentin diplomatik məharəti sayəsində ABŞ ilə strateji əməkdaşlıq daha zəngin gündəliklə bərpa olunmuş və sülh gündəliyi konkret addımlarla irəlilədilmişdir. Mövcud geosiyasi reallıqlar şəraitində bu nailiyyətlər ölkəmizin milli təhlükəsizliyini daha da möhkəmləndirir, beynəlxalq nüfuzunu artırır, regionda sülh və sabitlik üçün möhkəm əsas yaradır".

Son xəbərlər