İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ikitərəfli formatda da münasibətlər çox yaxşıdır, heç bir problem və anlaşılmazlıq yoxdur.
BAKU.WS xəbər verir ki, bu fikri Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən sonda səsləndirib.
Görüşün yekununda çıxış edən Prezident İlham Əliyev deyib:
"Bu gün burada səslənən fikirlər bir daha onu göstərir ki, təşkilatımızın çox gözəl gələcəyi var. Çünki hər bir üzv ölkə və müşahidəçi ölkə təşkilatımızın güclənməsini istəyir. İstəyir ki, təşkilatımız dünya arenasında daha önəmli rol oynasın və əminəm ki, biz buna nail olacağıq.
Bir məsələni də qeyd etmək istərdim. Bizim təşkilatımızın nadirliyi haqqında mən artıq giriş sözümdə fikirlərimi bildirdim. Bir məsələyə də toxunmaq istərdim, o da çox önəmlidir. Çünki təşkilata üzv ölkələr arasında ikitərəfli formatda da münasibətlər çox yaxşıdır. Heç bir problem yoxdur, heç bir anlaşılmazlıq yoxdur və bu da deyə bilərəm ki, dünya təşkilatları arasında nadir bir hadisədir. Çünki biz bilirik dünyada hansı beynəlxalq təşkilatlar var və o təşkilatlar çərçivəsində bəzən bəzi üzv ölkələr arasında ixtilaflar var, qarşıdurmalar var, hətta münaqişələr də var.
Amma bizim nadirliyimiz, - bu, bizim çox böyük ümumi müştərək dəyərimizdir, - odur ki, həm çoxtərəfli, həm ikitərəfli formatda ancaq xoş münasibət, xoş niyyət, bir-birimizə olan dəstək və bir-birimizə olan hörmət və ehtiramdır. Bu, çox böyük dəyərdir. Biz bunu həm qorumalıyıq, həm gələcək nəsilləri bu ruhda tərbiyə etməliyik və təşkilatımızı bütün istiqamətlər üzrə elə gücləndirməliyik ki, illər keçdikcə təşkilatımız dünya miqyasında qlobal aktora çevrilsin. Yenə də deyirəm, buna nail olmaq üçün bütün imkanlar var. Birincisi, bizim birliyimiz, ortaq etnik köklərimiz, böyük coğrafiyamız, enerji resurslarımız, nəqliyyat yollarımızdır. Bu gün nəqliyyat deyiləndə bizim coğrafiyamızdan, yəni bizdən yan keçmək mümkün deyil. Biz investisiya qoymaqla, hər bir ölkə öz ərazisində sərmayə qoymaqla bu coğrafiyanı daha da önəmli bir amilə çeviririk. Əminəm ki, bu gün müzakirə olunan və sizin toplantınızda müzakirə ediləcək məsələlər təşkilatımızın gücünü daha da artıracaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir
Ölkələrimizdən (TDT-yə üzv ölkələr) keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. BAKU.WS xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türk Dövlətlər...