İlham Əliyev: Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin göndərilməsi də artıq geniş vüsət alıb

İlham Əliyev: Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin göndərilməsi də artıq geniş vüsət alıb
Video
Siyasət 11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

BAKU.WS xəbər verir ki, əvvəlcə Almaniyanın Federal Kansleri bəyanatla çıxış etdi. Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı:

"Bağlantılarla və tranzit imkanları ilə bağlı da Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bu gün imzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın.

Eyni zamanda, Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib."

Son xəbərlər