İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil

Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında deyib.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizi prezident vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə uğurlar arzulayıram. Mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra Siz ilk rəsmi səfəri Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.
Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.
Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.
Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.
Mən bir daha cənab Prezidentə təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan xalqı da onun qərarını yüksək qiymətləndirəcək. Çünki adətən seçkilərdən sonra birinci səfər rəmzi xarakter daşıyır və bu səfər Azərbaycana edilib. Eyni zamanda, Gürcüstanın Baş naziri də seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana edib. Yəni, bu, artıq gözəl ənənəyə çevrilib. Buna görə bir daha Sizə təşəkkürümü bildirirəm və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Oxşar xəbərlər
Mirzoyanla Bayramovun diplomatiya dueli: Nəticə nə oldu?
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin IV Ant...