“Human Rights Watch”un hesabatları Ermənistanı dalana dirəyib
Yeniliklərdən dərhal xəbərdar olun
“Human Rights Watch” insan haqları təşkilatı dekabrın 15-də “Ermənistan Azərbaycana qarşı ‘klastr bombalarından istifadə edib” adlı hesabat yayıb. Təşkilat bildirir ki, klastr sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir.
Hesabat standart beynəlxalq nəşrlərə istinadla yazır ki, Ermənistanın arsenalında Toçka və İsgəndər ballistik raketləri, Smerç və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Ermənistan və Dağlıq Qarabağdakı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klastr bombaları atıb.
Bu ilin noyabrında təşkilatın araşdırmaçıları Azərbaycana səfər zamanı üç rayona klastr bombaları ilə dörd hücumun gerçəkləşdirildiyini sənədləşdirib. Bu hücumlarda ikisi uşaq olmaqla azı yeddi dinc şəxs öldürülüb, iki uşaq daxil 20 nəfər yaralanıb.
“Klastr sursatları qəddar silahdır, beynəlxalq sazişlə qadağan olunub, onlardan istifadə dinc həyatlara biabırçı sayğısızlığı göstərir. Həm Ermənistan, həm də Azərbaycan klastr sursatlardan istifadə etməməklə bağlı dərhal öhdəlik götürməli, onları qadağan edən sazişə qoşulmalıdır”, – təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson hesabatda bildirib.
Klastr bombaları həm artilleriya, həm raket, həm minaatandan atıla, yaxud təyyarə ilə buraxıla bilər. Onlar adətən havada açılır, böyük əraziyə çoxsaylı bombacıqlar yayır. Bu bombacıqların bəziləri toxunanda partlamaya, amma de-fakto mina kimi qala bilər.
“Human Rights Watch” 2-ci Qarabağ müharibəsində Azərbaycanın da dörd hücumda klastr sursatlara əl atdığını sənədləşdirdiyini, hücumlardan üçünün Xankəndinə, birinin Hadruta endirildiyi bildirib.
Azərbaycan rəsmiləri isə əməliyyatlar vaxtı klastr bombalardan istifadə etmədiyini deyib, üstəlik yalnız hərbi hədəfləri vurduğunu bəyan edib.QHT rəhbəri Məhərrəm Zülfüqarlı hesab edir ki, artıq beynəlxalq qurumlar Azərbaycana qərəzli yanaşmaqdan əl çəkiblər:
"Ermənistanın da bu siyasətini ifşa edən faktlar ortaya qoyurlar. Bu, Azərbaycanın gücü sayəsində olub. 23 il gözlədik ki, beynəlxalq təşkilatlar nəsə edəcəklər. Ancaq gücü, Azərbaycanın qətiyyətini hiss edəndən sonra artıq düzgün mövqe tutmağa başlayıblar".
Təşkilat oktyabrda Azərbaycanın Bərdə şəhərinə klastr bombası ilə hücumda 21 dinc sakinin öldürüldüyünü, 70 nəfərin yaralandığını sənədləşdirib. Azərbaycana hücumların biri Bərdədə, ikisi Goranboyda, biri Tərtərdə qeydə alınıb. Qurum hücum vaxtı həmin ərazilərdə, yaxud onların yaxınlığında hərbçi personalın, avadanlığın, texnikanın mövcudluğunu müəyyənləşdirə bilməyib.
“Human Rights Watch” noyabrın 27-də Yerevanda Xarici İşlər Nazirliyinin təmsilçisi ilə görüşüb. Sonuncu Ermənistanın arsenalında klastr sursatlarının olmadığını deyib.
Ancaq hesabatda standart beynəlxalq nəşrlərə istinadla qeyd olunur ki, Ermənistanın arsenalında Toçka və İsgəndər ballistik raketləri, Smerç və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Bunların hamısı kasset bombalı başlıqlar yaya bilir. Təşkilat bildirir ki, Dağlıq Qarabağdakı qüvvələrin klastr sursatları olmadığından bu hücumları ya Ermənistan qüvvələri həyata keçirib, ya da Dağlıq Qarabağdakı qüvvələri sursatla təmin edib.
“Klastr sursatları qadağan olunduğundan heç bir şəraitdə istifadə olunmamalı, yaxud başqasına verilməməlidir”, – Human Rights Watch hesabatın sonunda bildirir.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...