Fransa mətbuatı minaya düşərək həlak olmuş azərbaycanlı jurnalistlərdən yazdı - FOTO

Fransa mətbuatı minaya düşərək həlak olmuş azərbaycanlı jurnalistlərdən yazdı - FOTO
Foto
Siyasət 138

Fransanın “Mediapart” portalında “Azərbaycanda iki jurnalist minaya düşərək həlak olub” adlı məqalə dərc olunub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə fransız mətbuat orqanlarının jurnalistlərin minaya düşərək ölməsinə laqeydlik göstərməsindən yazılıb.

Müəllif Alain Rumestanq qeyd edib ki, Fransanın mətbuat orqanları Formula 1 Azərbaycan Qran-Prisinə geniş yer veriblər.

Hətta cari ilin oktyabrına planlaşdırılmış, lakin COVID-19 pandemiyasının yaratdığı təhlükəsizlik və maddi-texniki problemlərə görə təxirə salınan Sinqapur Qran-Prisinə də mətbuatda yer olub.

Ancaq iyunun 4-də Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən yerləşdirilmiş tank əleyhinə minaya düşərək həlak olmuş iki azərbaycanlı jurnalist - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovla bağlı mətbuat orqanlarının susqunluğuna təəssüfünü bildirib. Fransız jurnalistlərin öz həmkarlarının ölümünə susmasına acıyıb.

A.Rumestanq bildirib ki, Kəlbəcər rayonu 30 il ərzində Ermənistanın işğalı altında olub. Ötən ilin noyabrında iki ölkə arasında münaqişəyə son qoyulub və Kəlbəcər azad edilib.

Jurnalistlərin düşdüyü mina isə işğal müddətində ermənilər tərəfindən yerləşdirilib.

Bu gün Ermənistan mina xəritələrini verməkdən imtina edir və nəticədə günahsız insanlar həlak olur.

Müəllif qeyd edib ki, 30 il işğal dövründə BMT-nin qəbul edilmiş müxtəlif bəyanat və qətnamələri Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edirdi.

“Jurnalistlərin olduğu avtobus partlayıcı maddələr yerləşdirilmiş yoldan keçib. Partlayış nəticəsində peşə fəaliyyətini yerinə yetirən günahsız jurnalistlər həlak olub.

Bu ölümdən yayınmaq mümkün idi”, - deyən müəllif Ermənistanın mina xəritələrini verməkdən imtina etməsinin nəticəsində günahsız insanların həlak olduğunu diqqətə çatdırıb.

Son xəbərlər