Fərid Şəfiyev: Azərbaycan-Ermənistan sülh prosesi dörd istiqamət üzrə gedir
Azərbaycan və Ermənistan arasında sülh prosesi dörd əsas istiqamət üzrə davam edir.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionun geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişib və hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesi davam edir.
"Bizim dörd istiqamətimiz var. Birincisi sülh müqaviləsi, ikincisi delimitasiya, üçüncüsü nəqliyyat bağlantıları, dördüncüsü isə vətəndaş cəmiyyətləri arasında əlaqələrdir", – F. Şəfiyev qeyd edib.
Onun sözlərinə görə, son dövrdə, o cümlədən mədəni irslə bağlı müəyyən çətinliklər yaransa da, ümumilikdə müsbət dinamika qorunub saxlanılır.
F. Şəfiyev Cənubi Qafqazda dayanıqlı sülhün Gürcüstan olmadan qurulmasının mümkün olmadığını da vurğulayıb. Onun fikrincə, regionun üç ölkəsinin siyasi və iqtisadi əməkdaşlıq üçün ortaq platforma formalaşdırması vacibdir.
O, regionun inkişafına təsir edən digər mühüm amillər sırasında Orta Dəhlizi, enerji və inteqrasiya proseslərini də qeyd edib. Şəfiyev enerji əməkdaşlığının yalnız ənənəvi neft və qazla məhdudlaşmadığını, alternativ enerjinin də bu istiqamətdə əhəmiyyət daşıdığını bildirib.
Oxşar xəbərlər
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
İsrailin ən böyük özəl müdafiə konserni olan "Elbit Systems" yerli tərəfdaşlarla birlikdə öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir....