Esvatini Kralı WUF13-də iştirak edəcək
Esvatini Kralı Əlahəzrət III Msvati cari ilin mayında Bakıda keçirilməsi planlaşdırılan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Esvatini Kralı Azərbaycanın CAR-dakı səfirliyinin müvəqqəti işlər vəkili Hüseyn Rəhimlini qəbul edərkən bildirib.
III Msvati Esvatininin rəsmi Bakı ilə ticarət-iqtisadi (enerji, nəqliyyat, sərmayə yatırımı və s.) əlaqələrin genişləndirilməsi, habelə dağ-mədən sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən sözügedən sahənin inkişafı üçün Azərbaycan investisiyalarının cəlbində maraqlı olduğunu söyləyib.
Hüseyn Rəhimli Azərbaycanın təşəbbüsü olan "ASAN" və "DOST" nümunəvi dövlət xidmətlərinin təcrübəsindən istifadə edilərək dövlət sektorunda xidmətlərin təkmilləşdirilməsində Afrika ölkələrinə müvafiq yardım göstərildiyini qarşı tərəfin diqqətinə çatdırıb, habelə aidiyyəti qurumların "ASAN xidmət" konsepsiyasının Esvatinidə da tətbiqi imkanlarının nəzərdən keçirilməsini təklif edib. III Msvati də ölkəsinin sözügedən xidmət mərkəzlərinin açılmasında maraqlı olduğunu vurğulayıb.
Bundan başqa, müvəqqəti işlər vəkili səfər çərçivəsində Esvatininin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Folile Şakantu ilə görüşüb. Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Eyni zamanda, Hüseyn Rəhimli Esvatini parlamentinin açılış mərasimində də iştirak edib. Tədbirdən sonra parlamentin spikeri Jabulani Mabuza ilə keçirilən görüş zamanı əməkdaşlıq gündəliyinin inkişafında parlament diplomatiyasının həyata keçirilməsinin əhəmiyyətli rol oynaya biləcəyi xüsusi qeyd edilib. Hüseyn Rəhimli hazırda Milli Məclis sədrinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri olduğunu bildirərək əməkdaşlıq üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb. Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda Azərbaycanla İran arasında iqtisadi, ti...