Ərdoğan və Putinin yolları ayrılır? - Suriyada dönüş nöqtəsi
2 fevralda Suriyanın İdlib bölgəsində Suriya hökumət qüvvələri tərəfindən Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 8 türk əsgəri şəhid olub, bir o qədər də yaralanıb.
BAKU.WS xəbər verir ki, Türkiyə ordusunun güclü cavab tədbirləri görməsi nəticəsində İdlib bölgəsində gərginlik pik həddə çatıb.
Gərginliyi azaltmaq məqsədilə dünən axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon görüşü keçirilib. Hər iki lider bölgədəki son prosesləri müzakirə edib və problemin həlli yolları barədə fikir mübadiləsi aparıblar.
Bu, məsələnin rəsmi hissəsidir. Amma pərdə arxasında məsələ daha ciddidir. Məlum olduğu kimi, Türkiyə İdlibdə atəşkəsin əldə edilməsinin tərəfdarıdır. Bununla da İdlibdən Türkiyəyə gözlənilən böyük köçün qarşısını almaq istəyir. Türkiyə bir yandan İdlibdəki müxalif silahlı dəstələrə də dəstək verir ki, bu da Suriya hökuməti və əsas dəstəkçilərindən biri Rusiyanın maraqları ilə üst-üstə düşmür. Çünki son aylarda Suriya-Rusiya birləşmiş dəstələri İdlibi azad etmək üçün əməliyyatları genişləndirsə də, Türkiyə müxtəlif vasitələrlə buna mane olmağa çalışır.
Məsələ ilə bağlı politoloq Kənan Rövşənoğlu BAKU.WS-ə açıqlamasında qeyd edib ki, Rusiya və Suriya İdlibin tamamilə, ya da ən azından cənub hissəsini (hansı ki, strateji əhəmiyyətli M-5 magistralı oradan keçərək Hələbə çatır) nəzarətə götürməyə çalışır:
“Bu əməliyyatı Suriya ordusu ötən ilin aprelində başlatmışdı. Amma Türkiyənin işə qarışması ilə Rusiya atəşkəsə nail oldu.
Konkret olaraq Türkiyə ordusuna hücuma gəlincə, doğrudur, iddialara görə, bir neçə gün əvvəl Rusiya ordusunun (bəzi məlumatlara görə kəşfiyyatının) 3 zabiti İdlibdə qətlə yetirilib və bu hadisə ona cavabdır. Amma konkret olaraq sahəyə baxdıqda, Türkiyə İdlibdə atəşkəsin davam etməsini istəyir. Türkiyə ordusunun atəşkəs nöqtələrində olması onu atəş altında qoyur. Yəni Suriya demək istəyir ki, artıq biz İdlibdə atəşkəs nöqtələri istəmirik, siz çəkilin, çəkilməsəniz, atəş altında qala bilərsiniz. Türkiyə isə 2018-ci il 17 sentyabr Soçi razılaşmasına əsasən İdlib ətrafında 12 atəşkəsə nəzarət məntəqəsi qurub və bu, razılaşma əsasında olub, hüquqi əsası var. Çünki əgər İdlibdə böyük əməliyyat olarsa, o zaman yüz minlərlə yeni qaçqın ordusu Türkiyə sərhədinə düzüləcək və Ankara onları qəbul etməyə məcbur olacaq”.
K.Rövşənoğlu sözlərinə əlavə edib ki, üstəlik İdlibdə həm də 30-70 min arası silahlı və bunların içərisində terror təşkilatları da var:
“Bunların qaçqınlara qarışıb (daha əvvəl belə hallar olub) Türkiyəyə daxil olması risk və təhlükədir. Yəni istənilən halda İdlibdə böyük müharibə humanitar fəlakət və qırğınlara, əlavə risklərə səbəb ola bilər. Buna görə də Ankara buna mane olur. İndi son olaraq Ərdoğan-Putin danışıqlarından sonra atəş dayandırılıb. Amma bunun nə qədər davam edəcəyi bəlli deyil”.
Məsələ burasındadır ki, Türkiyə və Rusiyanın maraqları təkcə Suriyada deyil, Liviyada da toqquşur. Çünki Türkiyə Suriyanın əksinə olaraq Liviyada hökuməti, Rusiya isə müxalif qüvvələri dəstəkləyir. Tərəflərin Liviyada gərginliyi azaltmaq və atəşkəsə nail olmaq üçün atdığı addımlar da hələlik bir nəticə verməyib.
Kənan Rövşənoğlu hesab edir ki, Türkiyə və Rusiya 5 il əvvəl aralarında olan gərgin münasibətlərə geri dönməyəcək:
“Tamamən düşmən olma da gözlənilmir. Amma indi iki dövlətin maraqları sahədə, nə Suriyada, nə də Liviyada tam olaraq üst-üstə düşmür, buna görə də bu cür soyuqluqlar olacaq. Türkiyə indi çoxtərəfli siyasət aparır, Rusiya ilə düşmən olmaq onun maraqlarına uyğun deyil”.
Politoloq ABŞ dövlət katibi Mayk Pompeonun İdlibdəki son proseslərlə Türkiyəni dəstəklədikləri ilə bağlı verdiyi açıqlamaya isə belə şərh verib:
“ABŞ Türkiyənin NATO müttəfiqidir, bu cür reaksiya verməsi normaldır. Həm də söhbət Rusiyadan gedirsə, təbiidir. Vaşinqton Ankara və Moskva arasındakı yaxınlaşmadan narazıdır, təbii ki, soyuqlaşmadan da razı qalır”.
Maraqlı bir məqamı da qeyd edək ki, bu gərginliyin yaşanmasından sonra Ərdoğanın Ukraynaya səfəri də birmənalı qarşılanmayıb. Siyasi dairələr bu səfərin Rusiyaya siyasi mesaj olduğu qənaətindədir.
Oxşar xəbərlər
Suriyadakı hücumda şəhid olan Türkiyə hərbçilərinin sayı artdı - YENİLƏNİB
BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, vəziyyəti ağır olan yaralılardan ikisi vəfat edib. Bununla da şəhidlərin sayı 6-ya çatıb. ***10:11*** Suriyanın İdl...