Enerji bazarında şərtləri dəyişən Yaxın Şərq gərginliyi: Azərbaycan nə qazanır, nə itirir?
Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda qlobal enerji bazarlarında ciddi dalğalanmalar müşahidə olunur. İsrail-ABŞ və İran münaqişəsi fonunda Yaxın Şərqdə baş verən qarşıdurmalar neft qiymətlərinə birbaşa təsir edərək, bazarda qeyri-sabitliyi daha da artırıb.
Dünyanın mühüm bir parçası və neft ölkəsi olan Azərbaycan üçün də mövcud vəziyyət yeni mənzərə yaradıb.
Ölkənin əsas ixrac məhsulu olan "Azeri Light" markalı neftin qiyməti qısa müddətdə kəskin yüksəliş nümayiş etdirib. Belə ki, ABŞ və İran arasında münaqişənin aktiv fazaya keçdiyi 28 fevral tarixindən sonra Azərbaycan neftinin qiyməti 72.75 dollardan 141.68 dollara qədər artaraq rekord həddə yaxınlaşıb. Lakin sonradan tərəflər arasında atəşkəs razılaşmasının əldə olunması bazarlarda nisbi sabitlik yaradıb və qiymətlər tədricən geriləməyə başlayıb.
Baş verənlər bir daha təsdiqləyir ki, neft bazarı yalnız iqtisadi faktorlarla deyil, həm də siyasi proseslərin təsiri ilə formalaşan həssas bir sistemdir. Mövcud şəraitdə isə əsas sual budur: Yaxın Şərqdəki gərginlik fonunda neftin bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Mövzu ilə bağlı Oxu.Az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, son baş verən hadisələr fonunda təkcə neft qiymətləri yox, qaz qiymətlərinin də artması müşahidə olunur:
"Burada məsələ ondan ibarətdir ki, qiymətlərin yüksəlməsində ölkə birbaşa fayda əldə edir. Lakin sonradan idxal inflyasiyasının formalaşması hesabına ölkə üçün bu sahədə yük yaranmış olur. Bu da xüsusən sosial həssas qruplar üçün yük yaradır. Yəni biz enerji qiymətlərinin artmasına təkcə birtərəfli akt kimi baxmalı deyilik. Ümumi olaraq neft və qaz qiymətlərinin yüksək olacağına dair yeni proqnozlar formalaşıb".
"ABŞ-İsrail və İran qarşıdurmasının mənfi istiqaməti ondan ibarətdir ki, birincisi İslam Respublikası üzərindən idxal dayanır, ikincisi bu ölkədən tranzit yüklərin daşınması problemə çevrildiyinə görə daşınma xərcləri də yüksəlmiş olur. Yəni, ümumilikdə müharibənin müsbət tərəfi neft qiymətlərinin yüksəlməsidirsə, mənfi tərəfi logistika xərclərinin artması, daşınma xərclərinin yüksəlməsi və ixrac qiymətlərinin bahalaşmasıdır", - deyə ekspert vurğulayıb.
Politoloq Zaur İbrahimli isə açıqlamasında dünya neft bazarının real iqtisadi amillərlə yanaşı, geosiyasi vəziyyətdən də asılı olduğunu deyib:
"Neft treyderləri bir qayda olaraq yalnız cari iqtisadi parametrləri deyil, mövcud geosiyasi vəziyyətin inkişaf perspektivlərini də nəzərə alırlar. Bu baxımdan, indi baş verən proseslər göstərir ki, həm rəsmi Tehran, həm də Vaşinqton hələlik danışıqlar prosesində maraqlıdırlar. Eyni zamanda, bütün ciddi analitik mərkəzlərin ümumi rəyi bundan ibarətdir ki, hər iki tərəf üçün optimal yol danışıqlardır. Yaxın perspektiv üçün baza ssenari olaraq danışıqlar götürüldüyündən neft ticarəti ilə məşğul olan treyderlər də bunu nəzərə almağa məcburdurlar".
"Dövlətlər öz strateji ehtiyatları ilə neft bazarına təsir göstərə bilirlər. Bu baxımdan da görünən budur ki, ümumi konsensus fikrə görə, Yaxın Şərqdə danışıqlar mərhələsi başlayıb, hərbi əməliyyatların aktiv fazası geridə qalıb. Bu nöqteyi-nəzərdən neftin qiymətlərində böyük yüksəliş baş vermir", - deyə analitik vurğulayıb.
Oxşar xəbərlər
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 41 il ötür. BAKU.WS xatırladır ki, Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıva...