Əli Əsədov BTİ-nin baş katibi ilə görüşüb

Əli Əsədov BTİ-nin baş katibi ilə görüşüb
Foto
Siyasət 24

Baş nazir Əli Əsədov noyabrın 21-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Beynəlxalq Telekommunikasiya İttifaqının Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının əhəmiyyəti vurğulanıb. Konfransın Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda təşkil edilməsi əlamətdar hadisə kimi qiymətləndirilib, tədbirdə 2 500 mütəxəssisin iştirak etdiyi qeyd olunub.

Konfrans çərçivəsində Bakı şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin açılışının əhəmiyyətinə toxunularaq mərkəzin region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəyinə əminlik ifadə olunub.

Azərbaycanda İKT sektorunun, informasiya və biliklər iqtisadiyyatının, süni intellektin inkişaf etdirilməsi, rəqəmsal infrastrukturun genişləndirilməsi, kibercinayətkarlıqla mübarizənin gücləndirilməsi sahələrində görülən ardıcıl tədbirlər barədə söhbət açılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İKT sektorunun inkişafını ölkəmizdə prioritet istiqamət elan edib. Cari ildə Rəqəmsal İnkişaf Konsepsiyası və 2025-28-ci illəri əhatə edən Süni İntellekt Strategiyası təsdiq edilib.

Azərbaycanın bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutduğu diqqətə çatdırılıb.

Yüksək texnologiyaların inkişafının "ağıllı şəhər/ağıllı kənd" konsepsiyasının tətbiqinə zəmin yaratdığı diqqətə çatdırılıb, hazırda ölkəmizin işğaldan azad edilmiş ərazilərində bu konsepsiyaya əsaslanan unikal və innovativ şəhərsalma modelinin geniş tətbiqi barədə məlumat verilib.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında rəqəmsal transformasiya, kibertəhlükəsizlik, elektron hökumət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Beynəlxalq Telekommunikasiya İttifaqının beynəlxalq təcrübəsinin xüsusilə rəqəmsal idarəetmə, rəqəmsal bacarıqların artırılması sahəsində tətbiqinin ölkəmiz üçün faydalı olacağı qeyd edilib.

Eyni zamanda, Azərbaycan nümayəndələrinin Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər orqanlarında və işçi qruplarında təmsilçiliyinin artırılması, xüsusilə İttifaqın Şurasında ölkəmizin üzvlüyünün növbəti müddətə uzadılması və ikitərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Əli Əsədov BTİ-nin baş katibi ilə görüşüb

Son xəbərlər