Əli Əhmədov: "Azərbaycanın müstəqillik əldə etməsi Türkiyə üçün də mühüm hadisə idi"

Əli Əhmədov: Azərbaycanın müstəqillik əldə etməsi Türkiyə üçün də mühüm hadisə idi
Siyasət 75

"Azərbaycanın müstəqillik əldə etməsi özü üçün önəmli olduğu qədər Türkiyə üçün də mühüm hadisə idi".

Bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov ADA Universitetində "İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" mövzusunda keçirilən beynəlxalq dəyirmi masa müzakirəsində bildirib.

O bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı bütövlükdə türk dünyasına mühüm töhfələr verir:

"Bu münasibətlər inkişaf etdikcə hər iki dövlət beynəlxalq münasibətlər sistemində daha ciddi rol oynamaq imkanı qazanır. İstər Azərbaycan, istərsə də Türkiyə vətəndaşları bunu dəfələrlə nümayiş etdiriblər. Türk qardaşlarımız vaxtilə Nuru Paşanın rəhbərliyi altında Bakı şəhərinin işğaldan azad edilməsinə nail olublar. Bizim öndərlərimizin vəsiyyət və sözləri dostluğumuzun böyük gələcəyi olduğunu deməyə vadar edir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "bir millət, iki dövlət" kəlamı bütövlükdə bizim həyat fəlsəfəmizə çevrilib".

"Azərbaycan yalnız öz torpaqlarını işğaldan azad etməyib, həm də təcavüzə qarşı ədalətli müharibə aparmaq nümunəsi göstərib. Nəticədə Qafqazda sülh və əməkdaşlığın güclənməsi üçün real imkan yaranıb. Bu baxımdan, Türkiyə və Azərbaycan parlamentlərinin birgə fəaliyyəti ölkəmizə qarşı nümayiş etdirilən haqsızlıqlara qarşı effektiv mübarizə aparılmasına mühüm töhfə verəcək", - deyə vitse-spiker əlavə edib.

Son xəbərlər