Elçin Əmirbəyov: "Mina təhlükəsi ilə mübarizə sülhün davamlılığına qoyulan sərmayə kimi qəbul edilməlidir"
"Azərbaycan bu günədək mina təhlükəsi ilə mübarizə səylərimizə dəstək vermiş hər bir ölkəyə və təşkilata səmimi minnətdarlığını bildirir. Biz bunu həm bilavasitə zərər çəkmiş insanlara, həm də Azərbaycana göstərilən dostluq və həmrəyliyin əlaməti kimi qiymətləndiririk. Lakin beynəlxalq dəstəyin miqyası hələ də olduqca məhduddur. Maliyyələşmənin təxminən 95 faizi Azərbaycanın öz dövlət resursları hesabına təmin olunur. Cəmi təxminən 5 faiz xarici mənbələrdən gəlir. Biz hesab edirik ki, bu nisbət, balanssızlıq dəyişə bilər və dəyişməlidir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
"Bu baxımdan, bunun necə həyata keçirilə biləcəyinə dair bir neçə fikir irəli sürmək istərdim.
Birincisi, mina təhlükəsi ilə mübarizəni beynəlxalq sülh gündəliyinin bir hissəsinə çevirməklə bağlıdır. Cənubi Qafqazda sülhdən danışarkən biz sərhədlərdən, bağlantılardan, ticarətdən və etimadın yaradılmasından danışırıq. Gündəlikdə daha bir məsələ də olmalıdır: müharibənin fiziki irsinin aradan qaldırılması. Mina təhlükəsi ilə mübarizə sülhün davamlılığına qoyulan sərmayə kimi qəbul edilməlidir.
İkincisi, irimiqyaslı milli səylərə əlavə olaraq, Azərbaycanın mina təhlükəsi ilə mübarizəsi üçün uzunmüddətli beynəlxalq maliyyələşdirmə mexanizmi yaratmaqdır. Söhbət yalnız təcili yardımlardan, ayrı-ayrı layihələrdən də getmir. Azərbaycana planlaşdırma aparmağa, əməkdaşları işə cəlb edib təlim keçirməyə, avadanlıqlara investisiya yatırmağa və təmizləmə işlərini sürətləndirməyə imkan verən proqnozlaşdırıla bilən, çoxillik maliyyələşmə lazımdır. Biz sadəcə olaraq problemi idarə etməyə deyil, həll yolunun maliyyələşdirilməsinə yönəlməliyik. Proqnozlaşdırıla bilən maliyyələşmə məsələsi, xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dünən Konfransın iştirakçılarına ünvanlanan salamlama nitqində vurğulanıb.
Üçüncüsü, daha güclü beynəlxalq texnologiya tərəfdaşlığı yaratmaq. Süni intellekt, dronlar, peyk təsvirləri, qabaqcıl tədqiqat və ölçmə texnologiyaları, mexaniki minatəmizləmə və məlumat texnologiyaları ərazilərin minalardan təmizlənməsinin həm sürətini, həm də təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıra bilər. Azərbaycan minatəmizləmə sahəsində regional qabaqcıl təcrübə mərkəzinə çevrilmək niyyətindədir və bu istiqamətdə əməkdaşlığa açıqdır.
Sonuncu və heç də az əhəmiyyətli olmayan məsələ isə, minatəmizləmə fəaliyyətini regionda etimad quruculuğunun bir hissəsinə çevirməkdir. Humanitar məsələlər bəzən siyasi məsələlərin həssas olaraq qaldığı şəraitdə belə, praktiki əməkdaşlıq üçün imkan yarada bilər. Müharibənin qalıqlarının aradan qaldırılması da belə sahələrdən biridir. Bu, insanların həyatını xilas etməkdir. Bu, gələcəklə bağlıdır və buna da məhz bu baxımdan yanaşılmalıdır", - deyə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi əlavə edib.
Qalereya
Oxşar xəbərlər
Keyt Firon: Səmərəli minatəmizləmə fəaliyyətinin əsasında milli məsuliyyət dayanır
Səmərəli minatəmizləmə fəaliyyəti milli məsuliyyətdən başlayır. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəz...