Azərbaycan XİN başçısı ilə ATƏT-in sədri arasında geniş tərkibdə görüş keçirilib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə geniş tərkibdə görüş keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan–İsveçrə ikitərəfli gündəliyi, İsveçrənin ATƏT-ə sədrliyi dövrünün prioritetləri, Azərbaycan–ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, həmçinin regiondakı postmünaqişə vəziyyəti və Azərbaycan–Ermənistan normallaşma prosesi müzakirə olunub.
Nazirlər qeyd ediblər ki, gələn il Azərbaycan və İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq. Bu əlamətdar tarix son üç onillik yarım ərzində formalaşmış tərəfdaşlığı dəyərləndirmək üçün mühüm fürsət kimi qiymətləndirilib.
Tərəflər yüksək səviyyəli təmasların və xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan, cari ilin aprel ayında Bakıda keçirilmiş son siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd olunub və bu mexanizmin müntəzəm əsasda davam etdirilməsinin önəmi diqqətə çatdırılıb.
Müzakirələr zamanı Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti vasitəsilə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulub.
Enerji sektorunun ikitərəfli iqtisadi münasibətlərin əsas sütunlarından biri olduğu vurğulanıb. Bu çərçivədə, "SOCAR Energy" şirkətinin İsveçrədəki uğurlu fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlığın mühüm nümunəsi kimi qeyd edilib.
Nazirlər, həmçinin insanlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildiriblər.
Görüşdə İsveçrənin ATƏT-ə sədrliyi dövrünün prioritetlərinə xüsusi diqqət yetirilib. Azərbaycan sədrliyin elm və diplomatiya, innovativ texnologiyalar, su ehtiyatlarının idarə olunması, enerji təhlükəsizliyi və rəqəmsal təhlükəsizlik istiqamətlərinə verdiyi önəmi alqışlayaraq, bu sahələrin müasir çağırışların aradan qaldırılmasında mühüm rol oynadığını vurğulayıb.
Nazir Ceyhun Bayramov bildirib ki, ATƏT məkanında təhlükəsizlik mühitinin getdikcə mürəkkəbləşdiyi şəraitdə təşkilat öz aktuallığını və regional təhlükəsizlik məsələlərinin həllində rolunu qorumaq üçün hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş coğrafi üzvlüyündən tam istifadə etməlidir. O, Azərbaycanın iştirakçı dövlətlərin suveren bərabərliyi, qarşılıqlı hörmət, inklüziv dialoq və konsensus prinsiplərinə əsaslanan səmərəli çoxtərəfliliyi dəstəklədiyini bir daha təsdiqləyib.
Azərbaycan–Ermənistan normallaşma prosesinə toxunan nazir Ceyhun Bayramov həmkarına sülh prosesinin hazırkı mərhələsi, iki ölkə arasında faktiki sülh şəraiti və həyata keçirilən etimad quruculuğu tədbirləri barədə məlumat verib. O bildirib ki, ikitərəfli formatda əldə olunan irəliləyiş bu yanaşmanın effektivliyini bir daha nümayiş etdirir.
ATƏT-lə əməkdaşlıq məsələsinə dair nazir Ceyhun Bayramov Azərbaycanın təşkilatın müvafiq təcrübəyə malik olduğu və əlavə dəyər yarada biləcəyi qarşılıqlı maraq doğuran sahələrdə praktiki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha vurğulayıb.
Nazir, həmçinin Azərbaycanın ərazilərinin mina və digər partlayıcı müharibə qalıqları ilə geniş şəkildə çirkləndirildiyini ölkənin ən ciddi humanitar problemlərindən biri kimi qiymətləndirib. O, bu problemin həlli istiqamətində ATƏT-in öz mandatı və imkanları çərçivəsində praktiki dəstəyinin vacibliyini qeyd edib.
Görüş zamanı Ukrayna ətrafındakı vəziyyət, Yaxın Şərqdə baş verən proseslər, eləcə də digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Qalereya
***11:43
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis arasında təkbətək görüş başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycan–İsveçrə arasında ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq gündəmdə duran məsələlər, eləcə də ATƏT çərçivəsində qarşılıqlı fəaliyyətin müzakirə olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Xarici İşlər üzrə Federal...