Bu gün akademik Həsən Əliyevin doğum günüdür
Dekabrın 15-i Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əlirza oğlu Əliyevin doğum günüdür.
Şərəfli və məhsuldar ömür yaşamış alimin sadəliyi, mənəvi saflığı, aydın təfəkkürü, geniş dünyagörüşü, xalq arasında nüfuzu ona əsrlərlə yaşı olacaq bir ömür qazandırıb.
O, 1907-ci il dekabrın 15-də Zəngəzur mahalının Comərdli kəndində dünyaya göz açıb. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən 1918-ci ilin qanlı hadisələri Comərdli kəndinə də çatır. Qəflətən hücuma məruz qalan köməksiz Comərdli əhli Naxçıvana üz tutur. Həsən Əliyev 17 yaşında Naxçıvan şəhərində kənd axşam məktəbində oxuyur və 23 yaşında məktəbi bitirir. O, dünyagörüşü ilə həmyaşıdlarından seçilirdi. 1925-ci il oktyabrın 5-də "Şərq qapısı" qəzetində "Bizə də teatr lazımdır", 1929-cu ildə isə "Molla Nəsrəddin" jurnalının 16-cı sayında "Müəllim lazımdır" adlı məqalələrini dərc etdirib.
Həsən Əliyev həmin illərdə Naxçıvan şəhərindəki Kənd Təsərrüfatı Texnikumunda da təhsil alır. Muxtar respublikanın Torpaq Komissarlığının zərərvericilərə qarşı mübarizə aparan şöbəsində baş fəhlə işləyir. 1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirir. 1935-ci ilədək kənd təsərrüfatının qoyunçuluq, üzümçülük, pambıqçılıq sahələri üzrə, həmçinin bitki ziyanvericilərinə qarşı mübarizədə zəngin təcrübə toplayır. Bacarığını və biliyini nəzərə alaraq onu müxtəlif vəzifələrə irəli çəkirlər.
Beləliklə, altı il ərzində orta təhsil, üç il ərzində ali təhsil almış Həsən Əliyev birbaşa aspiranturaya qəbul olur. 1937-ci ildə SSRİ Elmlər Akademiyasının (EA) Azərbaycan filialı yaradılır. Bakı şəhərinə gələn Həsən Əliyev SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq bölməsində elmi işçi, sonra isə elmi katib işləyir.
Torpağın qədrini bilən Həsən Əliyev xam torpaqların tədqiqi ilə məşğul olmağı qət edir. Qobustanın cənub-qərb hissəsinin arid torpaqlarının tədqiqinə başlayır. Onun uğurlu tədqiqatı "Pirsaat düzünün torpaqları və ondan istifadə yolları" adlı ilk monoqrafik əsəri (1940) ilə nəticələnir. Alim bu əsərində arid (quraq) iqlim şəraitində yaranmış xam torpağın elmi təhlilini verməklə ondan necə istifadə etmək yollarını da göstərib.
Akademik Həsən Əliyevin əsas tədqiqat sahəsi meşə torpaqlarının coğrafiyası, respublika torpaq xəritələrinin hazırlanması, ekoloji problemlərin həlli, quru meliorasiyanın inkişafı və Azərbaycan Respublikasının bioloji, ekoloji problemlərinin beynəlxalq aləmdə təbliğ edilməsi olub. Alim meşəçilik elminin inkişafına geniş yer verib, Azərbaycanda 40 min hektardan artıq meşə altından çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirib. İlk dəfə dağ yamaclarında az istifadəli torpaqlarda quru fitomeliorasiya işlərinin həyata keçirilməsinin elmi təşkilini uzun illər araşdırıb, ömrünün sonuna qədər həmin tədqiqatları davam etdirib.
Gənc alim İkinci Dünya müharibəsinin davam etdiyi 1941-1943-cü illərdə Şimali Qafqaz uğrunda döyüşən orduda zabit kimi xidmət edir, ağır yaralanır.
Müharibədən sonra Həsən Əliyev əvvəlki iş yerinə qayıdır və SSRİ EA Azərbaycan filialının Coğrafiya bölməsinin (1943-1944) rəhbəri vəzifəsində çalışır. 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini alır və cəmi 9 il sonra Azərbaycan EA-nın akademiki kimi yüksək elmi ada layiq görülür.
1944-1952-ci illərdə Həsən Əliyev elmi-tədqiqatla yanaşı, təşkilati işlə də məşğul olur. Bu müddət ərzində o, Torpaqşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini (1944-1949), Botanika İnstitutunun direktoru (1949-1952), Azərbaycan KP MK katibi (1952) vəzifələrində çalışır.
Həsən Əliyev Azərbaycan SSR Elmlər Akademiyasının yaradılmasından (1945) doqquz il əvvəl elmimizin formalaşması üçün kadr hazırlığında fəal iştirak edib. Onun 1937-1944-cü illərdə istər Torpaqşünaslıq, istərsə də Coğrafiya bölmələrinin yaranmasında mühüm xidmətləri olub. 1952-1957-ci illərdə akademik Həsən Əliyev Azərbaycan SSR EA-nın akademik-katibi, eyni zamanda, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində işləyib. 1951-ci ildə "Abşeron yarımadasında taxıl və ot əkilməsi məsələsinə dair" elmi məqaləsi EA-nın məruzələrində çap olunur.
1950-ci illərdə akademik Həsən Əliyevin elmi istiqamətinin ikinci əsas şaxəsi - ətraf mühitin mühafizəsi başlanır və o, 1955-ci ildə Azərbaycan SSR EA-nın Təbiəti Mühafizə üzrə Komissiyasının sədri seçilir. Həsən Əliyev 1952-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan KP Mərkəzi Komitəsinin katibi vəzifələrində işləyib, həmin ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunub, Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilib. 1961-ci ildə "Azərbaycan SSR-in Böyük Qafqaz dağları zonasında üzümçülük və bağçılığı inkişaf etdirmək üçün torpaq ehtiyatları" məqaləsi EA-nın xəbərlərində dərc olunur. 1972-ci ildə Xəzər dənizinin açıq hissəsində tərpənməz özül üzərində dünyada ilk dəfə dəniz observatoriyasının yaradılması da akademikin fəaliyyətinin nəticəsidir.
1976-cı ildə alimin "Həyəcan təbili" əsəri işıq üzü görür. Bu kitab Azərbaycan xalqının təbiəti mühafizə sahəsində maariflənməsində və təbiətsevərliyində müsbət rol oynayıb. Əsərin ikinci, təkmil nəşri (1982) bu gün də təsir gücünü saxlayır.
Azərbaycan xalqının ekoloji maariflənməsində akademik Həsən Əliyev və 1975-ci ildən nəşrə başlayan "Azərbaycan təbiəti" jurnalı da mühüm rol oynayıb.
Alimin Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətində sədrlik fəaliyyəti xüsusi qeyd edilməlidir. Təbii ki, Azərbaycanda o zaman bu qeyri-dövlət təşkilatı ilə yanaşı, dövlət qurumu, yəni Ekologiya Komitəsi fəaliyyət göstərirdi. Maraqlı odur ki, bölgələrdə dövlət qurumundan çox Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətini tanıyır, bu cəmiyyətin çağırışlarına əməl edirdilər. O, təkcə Azərbaycanda deyil, beynəlxalq simpozium və konfranslarda da həvəslə çıxış edərdi. Alim yaxşı başa düşürdü ki, Azərbaycanı tanıtdırmaq üçün beynəlxalq aləmə çıxmaq lazımdır və bu missiyanı hələ keçən əsrdə yorulmadan, həvəslə yerinə yetirirdi.
Həsən müəllim həm də bacarıqlı ekoloq-fotoqraf idi. O, Azərbaycan təbiətinin əvəzsiz guşələrinin fotoşəklini çəkməkdən, onları əhaliyə çatdırmaqdan sonsuz zövq alar, sevinc hissi keçirərdi.
Akademik Həsən Əliyev pedaqoji fəaliyyəti ilə də fərqlənib, Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) və Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) mühazirələr oxuyub, 35-dən çox namizədlik və doktorluq dissertasiyasının elmi rəhbəri olub.
Həsən Əliyev bir insan kimi səmimi, mehriban, sadə, qayğıkeş, ədalətli, sözünü deyən idi, kadrlara qayğı göstərirdi, elmi işçilərin qədrini bilirdi. O, Azərbaycanı qarış-qarış gəzmişdi, Vətənini çox sevirdi. Hansı bölgədən, kənddən söhbət getsə, oranın təbiəti, əhalisi, adət-ənənəsi və el ağsaqqalı haqqında məlumat verərdi. Akademik Həsən Əliyevin "Həyəcan təbili" əsəri isə alimin vicdan səsi, hələ sağlığında özünə ucaltdığı heykəl idi.
Akademik Həsən Əliyev 1993-cü ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn edilib.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Xıdır Nəbi Novruzdan 40 gün əvvəl evlərə gəlirdi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı haz...