Breksitdən sonra nə olacaq? - Avropada yeni səhifə açılır
Böyük Britaniyanın 4 ildir çalışdığı Breksit arzusu nəhayət bu gecə baş tutacaq.
BAKU.WS xəbər verir ki, Tereza Meyin Baş nazir postunu itirməsinə səbəb olan Breksit müzakirələrinin gedişində həlledici məqam ötən il noyabrın 6-da parlamentin buraxılması və Boris Consonun hökumətin başına keçməsi oldu.
Dekabrın 12-də keçirilən seçkilərdə Mühafizəkarlar Partiyası 358 yer əldə edərək təkbaşına hakimiyyətə gəldi və parlamentə daha çox deputat sala bildi. Bununla da Breksit səsverməsində səs çoxluğunu da avtomatik olaraq əldə etmiş oldu və Böyük Britaniyanın Avropa İttifaqından ayrılması barədə qərar qəbul edildi.
Kraliça II Elizabet, ardınca da Avropa İttifaqı (Aİ) Şurasının Böyük Britaniyanın bu təşkilatın üzvlüyündən çıxmasına dair razılaşmanı təsdiq etməsi ilə Breksit prosesi rəsmən yekunlaşdı.
Beləliklə, Birləşmiş Krallıq yanvarın 31-i saat 24:00-da Aİ-ni tərk edəcək. Ertəsi gün - fevralın 1-dən üzv ölkələrin sayı 27 olacaq.
Məlumat üçün bildirək ki, Böyük Britaniya Avropa İttifaqına 1973-cü ildə qoşulub. O vaxt ittifaqın adı AİB - Avropa İqtisadi Birliyi (EEC - European Economic Community) idi. Böyük Britaniya hələ 1973-cü ildə quruma üzv olanda da birmənalı qarşılanmamışdı. Bir çoxları Böyük Britaniyanın bu quruma ehtiyacı olmadığını bildirirdi. 2000-ci illərin əvvəlində Deyvid Kameron, ötən il isə Tereza Mey bu proseslər fonunda istefa vermək məcburiyyətində qalmışdı. Boris Conson isə qətiyyətli mövqe ortaya qoyaraq Breksitin baş tutmasına müvəffəq oldu.
İndi isə çoxlarını bir sual maraqlandırır. Bundan sonra nə olacaq?
Bu sualı politoloq Elxan Şahinoğlu şərh edib. O deyib ki, siyasi baxımdan elə də ciddi dəyişiklik gözlənilmir:
“Tam əksinə olaraq Böyük Britaniya Avropa İttifaqından müstəqil siyasət yürüdəcək. Xarici siyasətin müəyyən istiqamətlərini əvvəllər rəsmi Brüssellə razılaşdırmalı oldularsa, Breksitdən sonra buna ehtiyac qalmayacaq. Amma iqtisadi müstəvidə bu addımın fayda gətirəcəyi, yoxsa ziyan vuracağı hələ bilinmir.
Britaniya qurumdan rəsmi olaraq çıxsa da, hələ növbəti 1 il ərzində bir çox sahələrdə - gömrük, viza, səhiyyə, vətəndaşlıq və sair sahələrdə müzakirələr aparılacaq. Bunlar həll olunmalı məsələlərdir”.
Politoloq sözlərinə əlavə edib ki, istənilən halda Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın bu addımını cavabsız qoymayacaq:
“Aİ əlindən gələni edəcək ki, Böyük Britaniya üzvlükdən çıxmasına görə zərər çəksin. Bu yolla digər üzvlərinə də nümunə göstərilməyə çalışılacaq ki, heç kim üzvlükdən çıxmağa cəhd etməsin”.
Böyük Britaniya isə ayrılmaqla göstərmək istəyir ki, özü də regional bir gücdür və Avropa İttifaqı qədər söz sahibidir. “Mən tarixi imperiya olmuşam və niyə qərarlarımı hansısa qurumla razılaşdırmalıyam?” kimi təkəbbürlü yanaşma da müşahidə edilir”.
Oxşar xəbərlər
Son 1 ildə hansı ölkələrdə parlament buraxılıb? - SİYAHI
Hazırda Azərbaycan siyasi gündəminin ən önəmli məsələsi 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləridir. BAKU.WS xəbər verir ki, 2019-cu il 5 dekabr...