Bəhruz Məhərrəmov: "Azərbaycan və Rusiya arasında gərginlik milli maraqlarımızı ehtiva etmirdi"

Bəhruz Məhərrəmov: Azərbaycan və Rusiya arasında gərginlik milli maraqlarımızı ehtiva etmirdi
Siyasət 40

"Azərbaycan Respublikası bütün dünya dövlətləri, ələlxüsus yaxın qonşuları ilə münasibətlərini beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında qurmağı sülh və əmin-amanlıq şəraitində yaşamağı özünün çoxvektorlu xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi müəyyən edib.

Bu mənada Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya Federasiyası Hərbi Hava Qüvvələri tərəfindən vurulmasının və rəsmi Moskvanın proseslərə qeyri-praqmatik münasibət sərgiləməsinin ardınca Azərbaycan və Rusiya arasında müşahidə olunan gərginlik milli maraqlarımızı ehtiva etmirdi və biz hər zaman dialoq yolu ilə gərginliyinin aradan qaldırılmasının tərəfdarı olmuşuq".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, 2 gün öncə Azərbaycan Prezidentinin rusiyalı həmkarına doğum günü münasibətilə zəng etməsi, bu gün isə Düşənbədə Azərbaycan və Rusiya Prezidentlərinin təkbətək görüşü fonunda ölkələrimiz arasında gərginliyə yol açmış insidentlə bağlı ortaq məxrəcə gəlinməsi, daha dəqiq desək, Rusiyanın məsuliyyəti öz üzərinə götürərək, Federasiyanın Hərbi Hava Qüvvələrinin atəşi nəticəsində qəlpələrin təyyarəyə dəyməsini etiraf etməsi və kompensasiya ilə bağlı konseptual razılığa gəlməsi artıq aylardır ki, müşahidə olunan problemli situasiyanın aradan qalxması üçün tarixi imkandır:

"Sirr deyil ki, Azərbaycan beynəlxalq təcrübəyə və ümumtanınmış normalara əsaslanaraq cari razılığa gəlinməsi istiqamətində aylardır ki, qəti mövqe nümayiş etdirirdi. Lakin Rusiyanın ayrı-ayrı dairələrinin məsələyə yanlış rakursdan baxması və bəzi hallarda məqsədli şəkildə Bakı və Moskva arasında münasibətlərin gərginləşməsində maraqlı tərəf kimi çıxış etməsi situasiyanın arzuolunmaz istiqamətdə cərəyan etməsinə və ölkələrimiz arasında heç bir tərəfin milli maraqlarına cavab verməyən ritorikanın inkişafına gətirib çıxardı. Görünən odur ki, Rusiyada Azərbaycanla gərginliyə öz şəxsi ambisiyalarının realizəsi üsulu kimi baxan dairələrdən fərqli olaraq, Prezident Vladimir Putin yeni geosiyasi konfiqurasiyada Bakının artan rolunun fərqindədir və Azərbaycanla münasibətlərin kəskinləşməsinin ölkəsinə hər hansı formada fayda verməyəcəyini çox yaxşı başa düşür. Həqiqətən də reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası qonşularına münasibətdə beynəlxalq hüququn ümumtanınmış normalarını rəhbər tutaraq davranır, öz ərazisindən hər hansı bir qonşu dövlətə, o cümlədən Rusiyaya münasibətdə üçüncü güclərin istifadəsinə heç vaxt imkan verməyib, digər dövlətlərin daxili yurisdiksiyasında olan məsələlərə qarışmaq niyyətində deyil, eyni zamanda da Azərbaycan dövlətinə və Azərbaycan xalqının maraq və mənafelərinə münasibətdə eyni yanaşmanı tələb edir".

"Şimal qonşumuzun aylar ərzində bu reallığa adekvat mövqe sərgiləmədiyi bir şəraitdə Azərbaycan Prezidentinin münasibətlərimizə xələl gətirmədən ölkəmizin maraq və mənafelərini qətiyyətlə müdafiə etməsi Moskvanın proseslərə baxışını dəyişməsinə səbəb oldu ki, bu da Azərbaycanın böyük diplomatik qələbəsi olsa da, Rusiyanın özünün də Cənubi Qafqazda maraqlarının təmini baxımından əlamətdar gediş sayıla bilər. Azərbaycan və Rusiyanın məsələyə dair uzlaşma əldə etdiyi bir vaxtda qarşıda dayanan əsas məqsəd razılaşmanın icrasına nail olmaq, habelə ayrı-ayrı güclərin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının, siyasətçilərin, jurnalistlərin, xüsusən Rusiyada aqressiv və radikal davranış tərzi ilə seçilən psevdo "beyin mərkəzlərinin" qızışdırıcı mövqe sərgiləməsindən çəkinməyə nail olmaq, yersiz bəyanatlara imkan verməməkdir. Unutmamalıyıq ki, Azərbaycanın haqlı tələblərinin yerinə yetirildiyi şəraitdə şimal qonşumuzla münasibətlərin gərgin saxlanılması və süni şəkildə situasiyanın mürəkkəbliyinin davamlılığında maraqlı görünmək heç bir tərəfə fayda verə bilməz", - parlamentari fikrini yekunlaşdırıb.

Son xəbərlər