Azərbaycan səfirliyi Trampın otelində bayram təşkil edir
Azərbaycanın Vaşinqtondakı səfirliyi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa və ailəsinə məxus olan oteldə yəhudilərin Hanuka bayramı münasibətlə ziyafət sifariş verib.
Virtualaz.org xəbər verir ki, bu barədə "The Jerusalem Post” qəzeti yazır. Azərbaycan səfirliyi tərəfindən göndərilən dəvətnamədə deyilir ki, ziyafət dekabrın 14-də olacaq və orada "azadlıq və müxtəliflik” bayram ediləcək.
Mərasimdə ABŞ-dakı yəhudi təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edəcək. Tədbiri səfirliklə Amerikadakı yəhudi diasporu birgə təşkil edir. Qəzet bunu Azərbaycanla İsrail arasında sıx münasibətlərin növbəti təzahürü adlandırır, eyni zamanda bildirir ki, səfirliyin ziyafəti Trampın otelində sifariş verməsi ABŞ-ın yeni prezidenti üçün maraqlar toqquşması məsələsini bir daha gündəmə gətirmiş olur.
"The Jerusalem Post” qeyd edir ki, İsrail və Azərbaycan arasında münasibətlər son illərdə möhkəmlənib. Ötən ay Azərbaycan İsraildəki meşə yanğınlarını söndürmək üçün yanğınsöndürən təyyarə də göndərib.
Qəzet qeyd edir ki, bəzi digər səfirliklər də Trampın gələn ay keçiriləcək inaqurasiya mərasimi ərəfəsində "İnternational Hotel Trump”da yer bronlayıblar. Bu da hökumət etikası üzrə ekspertlərdə diplomatların Trampın otelində tədbirlər sifariş verərək ona mənfəət qazandırması ilə bağlı suallar yaradır. Həmin ölkələrin hər birinin ABŞ hökuməti ilə ayrıca biznesi var, indi isə belə çıxır ki, səfirliklər ABŞ prezidentinin ailə biznesinə mənfəət qazandırır və bu da maraqlar toqquşması kimi qarşılana bilər.
Amerikadakı yəhudi diasporunun nümayəndəsi Malkolm Honlayn deyib ki, Azərbaycan səfirliyi Ağ Evə yaxın olduğu üçün Trampın otelində yer sifariş verib. Həmin axşam prezident Barak Obama da Ağ Evdə sonuncu Hanuka ziyafətini təşkil edəcək.
Xatırladaq ki, Donald Tramp biznesdən çəkiləcəyini və bu işi uşaqlarına həvalə edəcəyini, bu məqsədlə dekabrın 15-də mətbuat konfransı keçirəcəyini elan edib. Bakıda da Trampın adını daşıyan otel (françayzinq müqaviləsi əsasında) tikilib və məlumdur ki, tikinti maqnatı bu müqaviləyə görə 2.8 milyon dollar qazanıb. Trampın Bakıdakı oteli dəfələrlə istər seçki kampaniyası dövründə, istərsə də seçkilərdən sonra ona qarşı maraqlar toqquşması iddialarının irəli sürülməsinə səbəb olub.
BAKU.WS
Oxşar xəbərlər
Trampın Azərbaycanda qazandığı milyonlar
Amerika KİV-i 2014-cü ilin yanvarından 2016-cı ilin mayına qədər olan dövrdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Azərbaycanda nə qədər pul qazandığın...