Azərbaycan hansı ölkələrdən silah almalıdır? EKSPERT RƏYİ

Azərbaycan hansı ölkələrdən silah almalıdır? EKSPERT RƏYİ
Siyasət 2875
“Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycana müasir silahlar lazım olacaq. Azərbaycan silahlanmaya milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Azərbaycanın silah aldığı ölkələr əsasən bunlardır – Rusiya, İsrail, Türkiyə, Ukrayna və Belarus. Azərbaycan bu coğrafiyanı genişləndirməyə çalışır”.BAKU.WS xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərində hərbi attaşelər var.“Bu hərbi attaşelər obyektiv olaraq öz ölkələrinin silahlarını Azərbaycana satmaq istəyirlər. Digər tərəfdən Azərbaycanda istehsal olunan silahların da öz ölkələrinə satılmasında maraqlıdırlar. Ancaq burada bir neçə faktor var ki, hərbi əməkdaşlığa bəzən mane olur”.
Qeyd edək ki, Azərbaycan son illərdə Rusiyadan milyardlarla dollar həcmində silah və hərbi texnika alıb. Siyasi şərhçi deyir ki, ancaq silah almaq yetərli deyil:“Bundan sonra silahlar yoxlanmalıdır. Digər tərəfdən hərbi texnikanın işlək vəziyyətində olması üçün onun hissələri də Azərbaycana gətirilməlidir. Demək əgər silahlarda müəyyən problemlər varsa və silah alındıqdan sonra ona lazım olan hissələrin Azərbaycana gətirilməsində problemlər çıxarsa, artıq həmin ölkə ilə hərbi əməkdaşlığın miqyası obyektiv səbəblərdən azalmalıdır. Misal üçün bu il ərzində Azərbaycan Rusiyadan hələ silah almayıb. Digər tərəfdən Azərbaycana silah satışına Rusiyada baş nazirin müavini Dmitri Roqozin məsul idi. Hazırda onun vəzifəsi dəyişib. Roqozin artıq hərb-sənaye kompleksinə və silah satışına məsul deyil. Bu illərdə Azərbaycanın hökumət üzvləri ilə Roqozin arasında sıx münasibətlər formalaşmışdı. Rusiya hökumətində hərbi-sənaye kompleksinə cavabdeh olan şəxslə Azərbaycan arasında hələ sıx əməkdaşlıq yoxdur.Azərbaycan Rusiyadan aldığı silah qədər İsraildən də silah alır. Eyni tələblər İsrailin hərbi texnikası üçün də keçərlidir. Yəni silahlar işlək vəziyyətdə olmalıdır və silahların hissələri daima Azərbaycana gətirilməlidir. İsrailin Azərbaycana silah satışında məhdudiyyəti yoxdur.Son illər Azərbaycanla Ukrayna arasında da hərbi əməkdaşlıq inkişaf edir. Azərbaycan Ukraynanın istehsal etdiyi hərbi texnikaya maraq göstərir. Eyni ilə Ukraynanın da Azərbaycanda istehsal olunan hərbi texnikaya marağı var. Ukraynada istehsal olunan hərbi texnikanın böyük hissəsi daxili tələbat üçün istifadə olunur. Ona görə hələ ki, Ukrayna xarici ölkələrə çox silah sata bilmir. Buna baxmayaraq, Ukrayna Azərbaycanın maraq göstərdiyi silah növlərinin alışına da “yox” demir. Ukrayna ilə Azərbaycanı daha bir mövzu birləşdirir – separatizmlə mübarizə.Azərbaycan müstəqilliyini qazandığı 1991-ci ildən separatçılarla mübarizə aparır. Ukrayna isə separatçılarla 4 ildir mübarizə aparır. Ona görə də Azərbaycanın təcrübəsi Ukrayna tərəfindən öyrənilir. Azərbaycanın da Ukraynanın separatçılarla savaş təcrübəsini öyrənməyə ehtiyacı var. Çünki Donbasda da atəşkəs daima pozulur və pozisiya döyüşləri gedir.Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Son illərdə Türkiyədə hərbi texnikanın istehsalı artıb. Türkiyədə istənilən silah növü və hərbi texnika istehsal olunur. Ona görə də Türkiyə Azərbaycana daha çox silah sata bilər. Bu Azərbaycan üçün də vacibdir. Çünki Türkiyə NATO ölkəsidir və istehsal etdiyi silahlar yüksək standartlara cavab verir. Digər tərəfdən Türkiyə ordusu illərdir terrorçularla dağlarda savaş aparır və istehsal olunan silah növləri dağ şəraitində aparılan döyüşlər üçün uyğunlaşdırılıb. Dağlıq Qarabağın böyük hissəsi də dağlıq ərazidir. Ona görə də Türkiyənin istehsal etdiyi silahlar Azərbaycan üçün faydalıdır.Azərbaycan Avropa ölkələrindən Çexiyada istehsal olunan silahlara da maraq göstərir. Doğrudur, Çexiya Avropa İttifaqı və NATO ölkəsidir. Avropa ölkələri Azərbaycana və Ermənistana silah satmırlar. Çünki Avropa həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edir. Avropada düşünürlər ki, onların satdığı silahlardan Azərbaycan və Ermənistan bir-birlərinə qarşı istifadə edəcəklər. Buna görə də Cənubi Qafqaz ölkələrinə silah satmaq istəmirlər. Ancaq bu qərar Avropa üçün faydalı deyil. Çünki, Azərbaycan Avropadan ala bilmədiyi silahları başqa ölkələrdən alacaq və bütün gəlir həmin ölkəyə çatacaq.Rusiya həm Azərbaycanı, həm də Ermənistanı özünün tərəfdaşı sayır və hər iki ölkəyə silah satır. İsrail isə yalnız Azərbaycana satır. Əlbəttə, bu Ermənistan hakimiyyətinin xoşuna gəlmir. Çünki Ermənistan kasıb ölkədir və böyük həcmdə silah ala bilmir. Azərbaycan isə silahlanmaya milyardlarla dollar xərcləyir. Avropa İttifaqı Azərbaycanla siyasi, iqtisadi və enerji əməkdaşlığının genişləndirir. Ona görə də Avropa İttifaqı ölkələrinin Azərbaycanla hərbi əməkdaşlığını genişləndirməsi də mümkündür. Əgər Avropa dövlətləri Azərbaycana lazım miqdarda silah satsalar Azərbaycan silah və hərbi texnikanın alınmasında Rusiyadan asılı olmaz. Bu Avropanın da xeyrinədir.Rusiya Azərbaycanın Ukrayna, Türkiyə, Belarus kimi ölkələrdən silah almasını istəmir. Rusiya müxtəlif vasitələrlə buna mane olmağa çalışır. Ancaq Azərbaycanın tamamən Rusiyadan asılı olması da Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. Silah və hərbi texnika alışı diversifikasiya olunmalıdır. Azərbaycan ən keyfiyyətli silahlarlara və hərbi texnikaya üstünlük verməlidir. Bu elə silahlar olmalıdır ki, döyüşdə özünü keyfiyyətli göstərsin və həmin hərbi texnikanın hissələri daima Azərbaycana gətirilsin”.BAKU.WS

Son xəbərlər