Azərbaycan və Çinin milli insan hüquqları təsisatları arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Çin Xalq Respublikasının Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası Katibinin müavini və Milli Nəzarət Komissiyasının sədr müavini Liu Xuexinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Bu barədə BAKU.WS-ə qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Müvəkkil Azərbaycan ilə Çin arasında əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə yüksək səviyyədə inkişaf etdirildiyini, hər iki ölkə tərəfindən bir sıra mühüm əhəmiyyət kəsb edən birgə layihələrin həyata keçirildiyini bildirib.
Ombudsman mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti, eləcə də əldə olunmuş müsbət təcrübələr barədə qonağa geniş məlumat verib. Bu fəaliyyətin daha da təkmiləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın da vacib rol oynadığını vurğulayan Müvəkkil müxtəlif beynəlxalq təsisatlar, eləcə də vitse-prezidenti olduğu Asiya Ombudsmanlar Assosiasiyası çərçivəsində üzv təsisatlarla səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söyləyib.
Ombudsman, həmçinin bir sıra xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə anlaşma memorandumlarının imzalandığını, bir sıra önəmli layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, bu istiqamətdə Çin Xalq Respublikasının Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.
Müvəkkil yaxın günlərdə ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyini qeyd edib, bu müddət ərzində Ombudsman təsisatı tərəfindən panel müzakirələrin təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Çin Xalq Respublikasının Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası Katibinin müavini və Milli Nəzarət Komissiyasının sədr müavini Liu Xuexin öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib. Cari il iki ölkənin dövlət başçılarının görüşünün keçirildiyini, ölkələr arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbul olunduğunu məmnunluqla xatırladıb. O, Azərbaycan və Çinin milli insan hüquqları təsisatları arasındakı münasibətlərin də genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
"COP29 - İqlim, Planet və Biz" kitabının təqdimatı keçirilib
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "COP29 - İqlim, Planet və Biz...