Azərbaycan sərhədçiləri Ermənistanla sərhəddə 1,7 km irəliləyiblər
2019-cu il Azərbaycan Sərhəd Mühafizəsi üçün Ermənistan ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsi işinin təşkilinə başlanılması, döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi ilə əlamətdar il olub.
BAKU.WS Trend-ə istinadən məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyib.
E.Quliyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xəttində təhvil alınmış döyüş postlarında böyük miqyaslı işlər görülüb, Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə başlayıb.
Onun sözlərinə görə, hesabat dövründə bu istiqamətdə bütün sərhəd döyüş məntəqələri, 3 yeni hərbi hissə inşa olunub, sərhəd döyüş məntəqələrinə aparan və onlar arası 38,7 km məsafədə qoruyucu val sədləri və 92 km məsafədə yollar salınıb, istifadəyə verilmiş hərbi obyektlər müasir istilik sistemləri, generator və günəş batareyaları ilə təmin edilib, sərhəd döyüş məntəqələrinə sənaye işığı, qaz və su xəttləri çəkilib.
Mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqamətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.
Oxşar xəbərlər
Elçin Quliyev Ermənistanla sərhəddə - FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət...