Azərbaycan nümayəndə heyəti Cakartada "Indo Defence 2024" sərgisində iştirak edir

Azərbaycan nümayəndə heyəti Cakartada Indo Defence 2024 sərgisində iştirak edir
Foto
Siyasət 133

İndoneziyanın paytaxtı Cakarta şəhərində ötən ildən təxirə salınmış "Indo Defence 2024" sərgisi öz işinə başlayıb.

Bu barədə BAKU.WS-ə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Bildirilib ki, iki ildən bir təşkil edilən və Asiya-Sakit okean regionunda müdafiə sənayesi üzrə ən böyük tədbirlərdən biri olan "Indo Defence 2024" ilə paralel olaraq, "Indo Aerospace", "Indo Marine" və "Indo Security" sərgiləri də keçirilir.

Tədbirin açılış mərasimində iştirak edən müdafiə sənayesi naziri V.Mustafayev daha sonra müxtəlif şirkətlərin stendlərini ziyarət edib.

Sərgi çərçivəsində nazir Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, milli müdafiə nazirinin müavini Şuay Alpay, həmçinin Türkiyənin "HAVELSAN", "Turkish Aerospace", "Roketsan", Çinin CPMIEC, "NORINCO" və Birləşmiş Ərəb Əmirliklərinin "EDGE Group" şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə Azərbaycanın müdafiə sənayesi qurumları ilə əməkdaşlığın genişləndirilməsi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Jakarta International Expo" sərgi sahəsində təşkil olunan beynəlxalq tədbirdə quru qoşunları, dəniz və hava qüvvələri, kiber müdafiə, pilotsuz sistemlər və təhlükəsizlik texnologiyaları sahəsində geniş çeşidli texnoloji yeniliklər nümayiş etdirilir.

Sərgi iyunun 14-də başa çatacaq.

Son xəbərlər