Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edilib

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edilib
Siyasət 142

Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Nizamnaməsinin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

BAKU.WS xəbər verir ki, fərmanla dövlət başçısının 2024-cü il 7 noyabr tarixli fərmanı ilə təsdiqlənmiş AZCON-un idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı"nda nəzərdə tutulan dövlət müəssisələri Holdinqin strukturuna daxil edilib.

Fərmanın müddəaları AZCON-un öz əmlakına və onun idarəetməsinə verilmiş dövlət müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə münasibətdə Holdinqə tətbiq edilmir.

Nazirlər Kabineti, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fərmandan irəli gələn məsələləri həll etməlidir.

AZCON öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə prinsiplərini tətbiq edir.

AZCON-un idarəetmə orqanları Müşahidə Şurası və icraçı direktordur.

AZCON-un Müşahidə Şurası (bundan sonra - Şura) AZCON-a ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

Şura Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 üzvdən ibarətdir.

Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

Şura qərar qəbul etməkdə müstəqildir.

Şuranın vəzifələri aşağıdakılardır:

- AZCON-un və dövlət müəssisələrinin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını, habelə dövlət müəssisələrinə münasibətdə dividend siyasətini müəyyən etmək;

- AZCON-un mənfəətinin və zərərinin bölgüsünü, fəaliyyətinə dair illik hesabatı və illik maliyyə hesabatını, investisiya layihələrini və onların icrasına dair hesabatları təsdiq etmək, dövlət müəssisələri tərəfindən həmin fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;

- normativ hüquqi aktlarda başqa qayda nəzərdə tutulmadığı halda, AZCON-un və dövlət müəssisələrinin hesabatlarının formasını təsdiq etmək və təqdim edilməsi müddətlərini müəyyənləşdirmək;

- AZCON-un maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək, dövlət müəssisələri tərəfindən həmin fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;

- AZCON-un və dövlət müəssisələrinin fəaliyyətinə nəzarət etmək;

- icraçı direktorun və onun müavinlərinin fəaliyyətinə nəzarət etmək, onların fəaliyyətini yoxlamaq, habelə təsdiq etdiyi qiymətləndirmə sisteminə uyğun olaraq onların fəaliyyətini qiymətləndirmək;

- Şura üzvlərinin və icraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

- AZCON-un və dövlət müəssisələrinin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

- kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

- AZCON-un və dövlət müəssisələrinin xalis aktivlərinin dəyərinin 25 %-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri AZCON-un və dövlət müəssisələrinin aktivlərinin 5 %-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

- AZCON-un və dövlət müəssisələrinin idarə, filial və nümayəndəliklərini, habelə törəmə təsərrüfat cəmiyyətlərini yaratmaq, onların idarəetmə orqanlarının üzvlərini (rəhbərlərini) vəzifəyə təyin və vəzifədən azad etmək;

- AZCON-un və dövlət müəssisələrinin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə AZCON-un idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək, dövlət müəssisələri tərəfindən həmin fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;

- AZCON-un, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu təsdiq etmək, dövlət müəssisələri tərəfindən həmin fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;

- dövlət müəssisələrinin müşahidə şuralarının üzvlərini, o cümlədən onların rəhbərlərini (icra orqanının rəhbərini Prezidentin təyin etdiyi qurumlara münasibətdə isə Prezidentlə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad etmək;

- dövlət müəssisələrinin Müşahidə Şurası üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini təsdiq etmək;

- icraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat vermək, eləcə də icraçı direktorun müavinlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- AZCON tərəfindən bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin tam və ya qismən dövlət müəssisələrinə həvalə edilməsi barədə qərar qəbul etmək;

- Şura sədrinin və icraçı direktorun səlahiyyətlərinə aid olmayan, bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Şuranın sədri 3 ayda bir dəfədən az olmayaraq Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şura iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya icraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qərarlar hər üzvün bir səsi olmaqla açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

Şuranın iclasları onun üzvlərinin bilavasitə iştirakı ilə əyani, informasiya texnologiyalarından istifadə etməklə distant, yaxud qarışıq formalarda keçirilə bilər.

Şura üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

Şuranın iclasında icraçı direktor iştirak edə bilər.

İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir.

Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Protokolda iclasın yeri, vaxtı, keçirilmə forması, iştirak etmiş üzvlər barədə məlumat, iclasın gündəliyi, üzvlərin gündəliyə daxil edilmiş məsələlərə dair çıxışlarının xülasəsi, səsvermənin nəticələri və qəbul edilmiş qərarlar əks olunur. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək icraçı direktora göndərir.

Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

Şuranın katibi:

- Şuranın iclaslarını təşkil edir;

- bu Nizamnamənin 4.10-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;

- Şura iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şura üzvlərinə təqdim edir;

- Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şura sədrinə təqdim edir;

- Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

Şuranın sədri:

- Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, özünün və icraçı direktorun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

- Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

- öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya icraçı direktorun müraciəti əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

- Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

Şura üzvləri:

- Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

- Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılma barədə təklif verirlər;

- Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

- Şuranın qərarları və iclas protokolları ilə tanış olurlar.

Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

AZCON-un fəaliyyətinə cari rəhbərliyi Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən icraçı direktor həyata keçirir. İcraçı direktorun dörd müavini vardır. İcraçı direktorun müavinlərini Şura vəzifəyə təyin və vəzifədən azad edir. İcraçı direktorun müavinləri icraçı direktor tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirirlər.

İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini icraçı direktorun müavinləri arasından Şura sədrinin müəyyən etdiyi şəxs icra edir.

İcraçı direktor:

- AZCON-u təmsil edir;

- Şuranın qərarlarını icra edir;

- bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;

- müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində AZCON-un Aparatının, digər struktur bölmələrinin, habelə təsərrüfat cəmiyyətlərinin strukturunu və ştat cədvəlini Şura ilə razılaşdırmaqla təsdiq edir;

- AZCON-un işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini Şura ilə razılaşdırmaqla, əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

- bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, AZCON-un, o cümlədən AZCON-un idarə, filial və nümayəndəliklərinin işçilərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Şura ilə razılaşdırmaqla qərarlar qəbul edir;

- AZCON-un əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

- bu Nizamnamənin 3.1.39-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

- AZCON-un fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

- AZCON-un fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

- bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində AZCON-un adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

- özünün və AZCON-un struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

- AZCON-un fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

- fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

- AZCON-da kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

- AZCON-da müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;

- aidiyyəti şəxslə dəyəri AZCON-un və dövlət müəssisələrinin aktivlərinin 5 %-ə qədər hissəsini təşkil edən əqdin bağlanması haqqında Şura ilə razılaşdırmaqla qərar qəbul edir;

- AZCON-un strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

- bu Nizamnamədə nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;

- cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır.

İcraçı direkor adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidir.

Son xəbərlər