Azərbaycan-Fransa əlaqələrinin perspektivləri müzakirə edilib

Azərbaycan-Fransa əlaqələrinin perspektivləri müzakirə edilib
Siyasət 250

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransada işgüzar səfərdədir.

BAKU.WS-in məlumatına görə, səfər çərçivəsində Hikmət Hacıyev Fransa Prezidentinin siyasi məsələlər üzrə müşaviri Emmanuel Bon, Müdafiə nazirinin siyasi məsələlər üzrə müşaviri Ksaviye Şatel, Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Frederik Mondoloni ilə görüşüb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev görüşlərdə iştirak ediblər.

Görüşlər zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib və əlaqələrin daha da dərinləşdirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib.

Hikmət Hacıyev Azərbaycan-Fransa əlaqələrinin inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük rol oynadığını xüsusi vurğulayıb. O, son illərdə həyata keçirilmiş yüksək səviyyəli səfərlərin müsbət nəticələrini xatırladıb.

Görüşlərdə Azərbaycan ilə Fransa arasında ikitərəfli və regional çərçivədə əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib, ikitərəfli və çoxtərəfli formatda geniş potensialın mövcudluğu vurğulanıb. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fikir mübadiləsi aparılıb və ölkəmizin ədalətli mövqeyi bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.

Qeyd edək ki, Avropa və Xarici İşlər Nazirliyində keçirilən görüşdə ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti də iştirak edib.

Son xəbərlər