Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
Dinc yolla nizamlanma bütün mübahisələrin erkən, ədalətli və davamlı həllinə xidmət etməlidir, vasitəçilik qərəzsiz olmalı, BMT Nizamnaməsi və beynəlxalq hüquqa uyğun şəkildə aparılmalıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Mübahisələrin dinc yolla həlli mexanizmlərinin gücləndirilməsi: BMT Təhlükəsizlik Şurasının 2788 (2025) saylı qətnaməsinin davamı" mövzusunda keçirilən yüksəksəviyyəli açıq debatda Azərbaycanın təşkilatdakı daimi nümayəndəsinin müavini Elvin Əşrəfzadə bildirib.
"Dinc həll mexanizmlərinin effektivliyinin artıq qəbul edilmiş qərarların icrasından asılı olduğu qeyd edilib", - Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında paylaşılan məlumatda qeyd olunub.
Bu xüsusda, Azərbaycanın öz təcrübəsinə istinad edilib. Belə ki, Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin aydın tələblərinə baxmayaraq, təxminən otuz il ərzində icra olunmayıb:
"Münaqişənin ağır nəticələrini aradan qaldıran, dağıdılmış şəhərləri yenidən quran, məhv edilmiş ətraf mühiti və biomüxtəlifliyi bərpa edən, məcburi köçkün əhalinin öz evlərinə təhlükəsiz şəkildə qayıtmasına kömək edən ölkələrlə daha böyük həmrəyliyin əhəmiyyətinə xüsusi diqqət çəkilib".
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazilərinin işğalı ilə bağlı 1993-cü ildə dörd qətnamə (822, 853, 874 və 884) qəbul olunub. Bu sənədlərin hər biri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təsdiqləyib və Ermənistanın işğalçı qüvvələrin Qarabağdan dərhal çıxarılmasını tələb edib. Qətnamələr kağız üzərində qaldığı üçün Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı ən böyük təsisatın müvafiq qərarlarını özü icra edib və torpaqlar erməni işğalından azad olunub. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
Oxşar xəbərlər
İlham Əliyevin Almaniyaya səfəri əməkdaşlıq üçün yeni imkanlar açır
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında nəqliyyat, logistika və beynəlxalq tranzit sahəsində əməkd...