Aydın Mirzəzadə: "Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi"

Aydın Mirzəzadə: Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi
Açıqlama
Siyasət 6

"Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərinin böyük hissəsini işğaldan azad etsə də, həmin dövrdə Qarabağın müəyyən hissəsi separatçıların nəzarətində qalırdı. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin bölmələri də həmin ərazilərdə mövcudluğunu davam etdirirdi".

Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi yaranmış vəziyyətin danışıqlar yolu ilə həllinə razılıq vermişdi:

"Ermənistan silahlı qüvvələrinin ərazidən çıxarılması, separatçı rejimin fəaliyyətinə son qoyulması və Azərbaycanın həmin ərazilərdə suverenliyinin bərpası danışıqların əsas mövzularından biri idi. Lakin Ermənistanın uzun müddət bu istiqamətdə real addımlar atmaqdan yayındığı bildirilirdi.

Həmin dövrdə Laçın yolu vasitəsilə bölgəyə minaların, silah-sursatın və digər hərbi təyinatlı vasitələrin daşınması ilə bağlı Azərbaycan tərəfindən dəfələrlə narazılıq ifadə olunmuşdu. Eyni zamanda, Azərbaycan ərazisində yerləşən mövqelərdən ölkənin hərbi və mülki obyektlərinə qarşı müxtəlif təxribatların törədildiyi qeyd edilirdi.

Azərbaycanın diplomatik və siyasi səylərinə baxmayaraq, bölgədə suverenliyin tam bərpası mümkün olmadığından vəziyyət getdikcə daha da gərginləşdi. Nəticədə Azərbaycan 2023-cü ilin sentyabrında keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı qüvvələrin nəzarətində olan ərazilərdə öz suverenliyini bərpa etdi.

Bundan sonra bölgədə yaşayan erməni əsilli sakinlərə Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkənin qanunları çərçivəsində yaşamaq və cəmiyyətə inteqrasiya olunmaq imkanları təqdim edildi. Buna baxmayaraq, həmin şəxslərin böyük hissəsi könüllü şəkildə bölgəni tərk etdi.

Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bütün ölkə ərazisində bərpa etdi".

Aydın Mirzəzadə:

Deputat əlavə edib ki, bu gün Ermənistanda bəzi dairələr tərəfindən səsləndirilən, Azərbaycan ərazilərində baş vermiş hadisələrin fərqli təqdim olunmasına yönəlmiş fikirlər tarixi proseslərin obyektiv qiymətləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir:

"Tarixi hadisələrin siyasi məqsədlərlə təhrif olunması uzunmüddətli perspektivdə həqiqətlərin dəyişdirilməsinə imkan vermir.

Azərbaycan öz ərazisində yaşayan bütün insanların, onların etnik mənsubiyyətindən asılı olmayaraq, hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Eyni zamanda, ölkə daxili məsələlərə kənar müdaxiləyə yol verilməyəcəyini bəyan edir.

Baş verən hadisələr Azərbaycan dövlətçiliyi baxımından mühüm tarixi mərhələdir. Ölkə ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından sonra müstəqil dövlətçilik siyasətini davam etdirir və bundan sonra da əldə olunmuş nəticələrin qorunması əsas prioritetlərdən biri olaraq qalacaq".

Orxan Hüseyn

Son xəbərlər