Avropa Şurasının Azərbaycanla bağlı ikiüzlü oyunu

Avropa Şurasının Azərbaycanla bağlı ikiüzlü oyunu
Siyasət 349

Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 1,2 milyonu və ya 12,4 %-i qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır.

BAKU.WS xəbər verir ki, ölkəmizdə əhalinin bu qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlanmasından sonra yaranıb. Münaqişə nəticəsində öz tarixi torpaqlarından məcburi didərgin düşən vətəndaşlarımız hələ də doğma torpaqlarına qayıda bilmirlər.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində başlamışdır. 23 mart 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri Minsk prosesinin həmsədrlərinə mandat verib və 2-3 dekabr 1996-cı il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə edib, lakin Ermənistan bu prinsipləri qəbul etməyib və ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət olub.

Avropa Şurasının özünü ədalət və insan hüquqlarının qoruyucusu kimi təqdim etməsinə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində fundamental hüquqları kütləvi şəkildə pozulmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarının müdafiəsi və onlara münasibətdə ədalətin təmin olunması baxımından heç bir iş görmür və etinasız mövqe göstərir. Avropa Şurası uzun illər keçməsinə baxmayaraq, Ermənistanın işğalçı rəhbərliyinə qarşı təzyiq xarakterli heç bir addım atmayıb. Dağlıq Qarabağın işğal edilməsindən bu yana Ermənistanda bir neçə prezident dəyişsə də, heç bir halda erməni hökuməti Qərbin təzyiqi və ya sanksiyası ilə qarşılaşmayıb.

Qarabağda törədilən cinayətlər, öldürülən insanlar, dağıdılan abidələr və bu günə kimi insanların öz evlərindən didərgin düşməsi sanki Avropa Birliyi və ya Avropa Şurasını heç maraqlandırmır. Əgər belə olmasaydı, bu günə kimi Qərbin işğalçı Ermənistana qarşı hər hansı həmləsinin şahidi olardıq. Avropa Şurası bütün bunlara rəğmən Azərbaycan hökumətini özünə hədəf götürüb. Qərbin göstərişlərinə qeyd-şərtsiz əməl etməyən, boyunduruq altına girməyən və müstəqil, eyni zamanda qonşuları ilə xoş əlaqə quran Azərbaycan dövlətinin bu siyasəti, görünən budur ki, Avropa Şurasını heç də qane etmir. Qərb dəyərlərini birmənalı şəkildə qəbul etməyən və bu dəyərlərin tətbiqinin mümkünsüzlüyünü elan edən Azərbaycan hökuməti bu səbəbdən Avropa Şurasının təzyiqinə məruz qalır. Məhz buna görədir ki, Azərbaycanda hökumətin apardığı siyasi, iqtisadi və sosial islahatlar görməzlikdən gəlinir, əvəzində Azərbaycan əleyhinə Avropa Şurasında müxtəlif tənqidi fikirlər səsləndirilir.

Son xəbərlər