Avropa Şurası öz qəbul etdiyi qətnaməyə niyə nəzarət etmir? - İkili standart

Avropa Şurası öz qəbul etdiyi qətnaməyə niyə nəzarət etmir? - İkili standart
Siyasət 191

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyası tərəfindən Dağlıq Qarabağın işğalına dair 1416 saylı qətnamə qəbul edilib.

BAKU.WS xəbər verir ki, qətnamədə qeyd edilib ki, Assambleya hərbi əməliyyatların başlanmasından keçən on ildən artıq bir müddətdə Dağlıq Qarabağ regionunda münaqişənin həll edilməməsinə təəssüf edir.

Həmçinin vurğulanıb ki, yüz minlərlə insan hələ də məcburi köçkün vəziyyətində ağır şəraitdə yaşayır. Azərbaycanın ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır və separatçı qüvvələr hələ də Dağlıq Qarabağ regionuna nəzarət edirlər.

Qətnamənin 2-ci bəndində vurğulanır ki, Assambleya hərbi əməliyyatların və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçiliyin etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan mono-etnik ərazilərin yaradılmasına gətirib çıxarmasından narahatlığını ifadə edir. Assambleya bir daha təsdiq edir ki, regional ərazinin müstəqilliyi və dövlətdən ayrılması etnik mənsubiyyətinə görə insanların yerlərindən qovulması və ərazinin qəsb edilərək de facto başqa bir dövlətə birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin sakinlərinin demokratik dəstəyi əsasında qanuni və dinc yolla həyata keçirilə bilər. Assambleyaya üzv dövlət tərəfindən xarici ərazinin işğal edilməsini bu dövlətin Avropa Şurasının üzvü kimi öhdəliyinin ciddi pozulması olduğunu bir daha təkrar edir və münaqişə ərazisindən olan məcburi köçkünlərin təhlükəsizlik şəraitində və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarının olduğunu bir daha təsdiqləyir.

Acı reallıq

Qətnamə qəbul edilməsinə baxmayaraq, Avropa Şurası Parlament Assambleyası öz qərarlarına nəzarət mexanizmini hələ də formalaşdıra bilməyib. Daha dəqiq ifadə etsək, öz qərarlarına ikili standartlarla yanaşır. Belə ki, qətnamə qəbul edilməsinə baxmayaraq, sənədlərin tələblərinə əməl etməyən Ermənistana qarşı heç bir təzyiq mexanizmləri tətbiq edilmir.

Məhz buna görə Ermənistanın cinayətkar hakimiyyətinin əl-qolu genişlənir və münaqişənin həllinə yanaşmırlar. Ermənistanın Baş naziri münaqişənin həll edilməsi üçün separatçılara təzyiq göstərmək əvəzinə “Qarabağ - Ermənistandır və nöqtə” kimi açıqlama verir. Bu da azmış kimi oğlunu işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi xidmətə göndərir.

Ermənistan hakimiyyəti Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların fəaliyyətsizliyindən istifadə edərək öz işğalçılıq siyasətini davam etdirir. Vəziyyət o həddə çatıb ki, Ermənistanın baş naziri Xakəndinə səfəri zamanı deyib ki, Yerevanın Dağlıq Qarabağa dair danışıqlarda yürütdüyü diplomatiyanın yekun məqsədi “miatsumdur”. Onun sözlərinə görə, münaqişənin nizamlanmasına dair istənilən qərar ancaq Ermənistan və Dağlıq Qarabağ əhalisinin ümumxalq dəstəyi ilə qəbul oluna bilər.

Ədalətsiz “ədalət qoruyucusu”

Məsələ təkcə bununla bitmir. Emənistanın hərbi təcavüzü nəticəsində öz evindən, yurdundan məcburi şəkildə çıxarılan 1 milyona yaxın azərbaycanlının hüquqları hələ də bərpa olunmayıb. Avropa Şurasının özünü ədalət və insan hüquqlarının qoruyucusu kimi təqdim etməsinə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində fundamental hüquqları kütləvi şəkildə pozulmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarının müdafiəsi və onlara münasibətdə ədalətin təmin olunması baxımından heç bir iş görmür və etinasız mövqe göstərir.

Lakin qətliamlar, soyqırımlar törədən cinayətkarlar hazırda Ermənistan hakimiyyətində yüksək postlarda otururlar. Onların bu cinayətlərinə görə isə 30 ilə yaxındır, heç bir hüquqi addım atılmayıb.

Səbr kasasının dolmasına az qalıb

Azərbaycan torpaqları işğal olunmasına baxmayaraq, illərdir, humanist siyasət yürüdürək münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışır.

Hələ ki, 2001-ci il yanvarın 25-də Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilmiş sessiyasında çıxışı zamanı bildirmişdi ki, Cənubi Qafqaz regionuna siyasi bütövlük və bitərəflik statusu verilməlidir:

“İndi artıq bütün Cənubi Qafqaz regionunun Avropa Şurasına daxil edilməsi çox mühüm amildir və bu, regionda münaqişələrə son qoyulmasına, dövlətlər arasında münasibətlərin normallaşdırılmasına, beləliklə də, Cənubi Qafqazda və Avropada təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etməlidir. Vahid Avropada ikili standartlara yol verilməməlidir. Bizim məkanımız bölünməzdir və bütün münaqişələrə eyni dərəcədə ciddi və prinsipial münasibət göstərilməlidir”.

Lakin bu günə qədər AŞPA-nın münaqişənin həllinə dair hər hansı real dəstəyini müşahidə etmək mümkün deyil.

Reallıq budur ki, Azərbaycan torpaqlarının işğal altında qalmağına razı qalmayacaq. Ermənistan hakimiyyəti hərbi güc yolu ilə torpaqlarımızı işğaldan azad edə biləcəyimizi 2016-cı ildə Lələtəpə əməliyyatında, yəqin ki, görüblər. Azərbaycan qan axıdılmasını istəmədiyindən məsələnin sülh yolu ilə həllində maraqlıdır. Lakin Ermənistan öz məqsədindən dönməyəcəyi təqdirdə Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyat variantını da həmişə hazır saxlayır.

Prezident İlham Əliyev da bu məsələ ilə bağlı nöqtəni bu çıxışı ilə qoyub:

“Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma “erməni dövləti”nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu ilə, ya hərbi yolla. Biz hər iki varianta hazırıq”.

Son xəbərlər