Atsunun cənazəsi ölkəsində izdihamla qarşılandı - FOTO/VİDEO

Atsunun cənazəsi ölkəsində izdihamla qarşılandı - FOTO/VİDEO
Foto Video
Siyasət 265

Türkiyənin Antakya şəhərində baş verən zəlzələdə həyatını itirən "Hatayspor"un qanalı futbolçusu Kristian Atsunun cənazəsi ölkəsində rəsmi mərasimlə qarşılanıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Atsunun cənazəsi Qananın paytaxtı Akraya aparılıb.

Futbolçu üçün keçirilən xüsusi mərasimdə Atsunun yaxınları ilə yanaşı kömək etdiyi ailələr də iştirak edib.

Onun cənazəsi mərasimdən sonra hərbi xəstəxananın morquna aparılıb.

Qeyd edək ki, 31 yaşlı Atsu Portuqaliya təmsilçisi "Porto"da çıxış etdikdən sonra Premyer Liqa komandalarından olan "Çelsi"yə transfer olunub. Daha sonra İngiltərənin "Everton", "Bornmut" və "Nyukasl Yunayted" kimi klublarında çıxış edib.

O, 2022-ci ilin sentyabrında Super Liqa komandalarından olan "Hatayspor"la 1 illik müqavilə imzalayıb. Qanalı Futbolçu zəlzələdən bir gün əvvəl "Kasımpaşa" ilə matçda ilk dəfə qol sevincini yaşayıb. O, son dəqiqədə qol vuraraq "Hatayspor"a qələbə qazandırıb.

Atsu 65 dəfə Qana millisində çıxış edib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Təbii fəlakət nəticəsində həlak olanların sayı 41 min 20 nəfərə çatıb.

Son xəbərlər