Artur Rasi-zadə iclas keçirdi - mühüm məsələlər müzakirə edildi

Artur Rasi-zadə iclas keçirdi - mühüm məsələlər müzakirə edildi
Siyasət 1394

Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 2017-ci il 14 aprel tarixində Baş nazir, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə cari ilin I rübünün yekunlarına həsr edilmiş iclası keçirilib.

Şuradan BAKU.WS-ə verilən məlumata görə, iclasda Maliyyə Sabitliyi Şurasının üzvləri - Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak ediblər.

İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən icmal-hesabat təqdim edilib. Hesabatda ölkədə gedən makroiqtisadi proseslərin, habelə 2016-cı ilin sonunda Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul edilmiş "2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı"nın icra vəziyyətinin təhlili öz əksini tapıb.

Müzakirələr zamanı qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında qeyd olunduğu kimi cari ilin I rübündə milli iqtisadiyyatın inkişafında pozitiv dinamika və makroiqtisadi sabitlyin təmin olunmasında müsbət trendlər yaranıb. Aylıq inflyasiya tempi yanvar ayından sonra düşməyə başlayıb, manatın məzənnəsinin ucuzlaşması dayanıb və hətta manat müəyyən qədər möhkəmlənmiş, iqtisadi artım bərpa olunub. Əlverişli neft qiymətləri və məzənnə şəraitində tədiyə balansı tarazlaşmağa başlamış, ölkənin strateji valyuta ehtiyatları artıb.

2017-ci ilin ötən dövründə makroiqtisadi siyasətin başlıca istiqamətləri, o cümlədən pul-məzənnə siyasəti ilə fiskal siyasətin effektiv taktiki əlaqələndirilməsi təmin edilib. Pul təklifinin həcminin optimallaşdırılmasını nəzərdə tutan pul proqramı razılaşdırılaraq icraya götürülüb. Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi ilə izafi pul kütləsinin valyuta bazarına və məzənnəyə mənfi təsirlərinin neytrallaşdırılması sabitləşdirici rol oynayıb. Pul bazasının monetar siyasətin başlıca lövbərinə çevrilməsi və bütün emissiya mənbələrinin effektiv idarə edilməsinə imkan verən bir sıra qərarlar qəbul edilib. Büdcə-borc siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər isə ortamüddətli dövrdə büdcə dayanıqlığının gücləndirilməsi üçün əlverişli makro-fiskal baza yaradıb.

Cari ilin ötən dövründə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına, o cümlədən valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş tədbirlər üzən məzənnəyə keçid istiqamətində mühüm qərarlar qəbul edilməsinə zəmin yaradıb. Ötən illərdə yaranmış və valyuta bazarına ciddi mənfi təsir göstərən borc öhdəliklərinin makroiqtisadi çərçivədən (daxili valyuta bazarından) kənarlaşdırılaraq əlahiddə rejimdə həll edilməsi, valyuta rejiminin təkmilləşdirilməsi, gömrük-tarif siyasəti sahəsində idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər valyuta bazarına stabilləşdirici təsir edib. Valyuta bazarında sabitləşmə meyillərinin başlaması manatın məzənnəsinə adekvat təsir göstərib və bu, inflyasiyanın məqbul səviyyədə saxlanması və de-dollarlaşmanın başlanması üçün makroiqtisadi zəmin yaratmaqdadır.

Maliyyə sisteminin dayanıqlığının təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və Əmanətlərin Sığortalanması Fondunun kapitalizasiyası istiqamətində mühüm qərarlar qəbul edilib. Görülmüş bu tədbirlər maliyyə sabitliyinin təmin olunmasına öz təsirini göstərəcək.

Yekunda qeyd olunub ki, ilin qalan dövründə də makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsinə yönəldilmiş siyasət davam etdirilməlidir. Başlıca vəzifələr makroiqtisadi siyasətin çevikliyinin təmin edilməsi, yeni şəraitdə formalaşan risklərə qarşı adekvat tədbirlərin görülməsi, makroiqtisadi siyasətin koordinasiyasının daha da gücləndirilməsi, formalaşan rəqabət üstünlüklərindən iqtisadi artımın daha da sürətləndirilməsi üçün nəzərdə tutulan struktur islahatlarının həyata keçirilməsi davam etdiriləcək.

BAKU.WS

Oxşar xəbərlər

Mərkəzi Bank rəhbəri iclas keçirdi

Mərkəzi Bank rəhbəri iclas keçirdi

Mərkəzi Bankın İdarə Heyətinin 2016-cı ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin...

1170 İqtisadiyyat 17:40 23 yanvar 2017

Son xəbərlər