Mərkəzi Bank rəhbəri iclas keçirdi

Mərkəzi Bank rəhbəri iclas keçirdi
İqtisadiyyat 1170

Mərkəzi Bankın İdarə Heyətinin 2016-cı ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.

BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Möhtərəm Prezident İlham Əliyevin ölkənin makroiqitisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri önə çəkən E.Rüstəmov bildirdi ki, hesabat dövründə qlobal və regional səviyyədə gedən iqtisadi proseslərin dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına təsirləri davam etdirib. Bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi çağırışları daha da aktuallaşıb, iqtisadi siyasətdə adekvat dəyişikliklər həyata keçirilib.

E.Rüstəmov qeyd edib ki, Möhtərəm Prezident İlham Əliyev ötən ilin ölkəmizin tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayıb və ölkənin hərtərəfli inkişafı ilə bağlı bir sıra mühüm göstərişlər verib. E.Rüstəmov Mərkəzi Bankın 2016-cı ilin yekunlarına həsr olunmuş toplantısının əsas məqsədinin həm ötən ilin yekunlarını qiymətləndirmək, həm də son müşavirədə cənab Prezidentin tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirmək olduğunu bildirib.

E.Rüstəmov vurğuladı ki, 2016-cı ildə Mərkəzi Bank öz fəaliyyətini qlobal iqtisadiyyatda gedən mürəkkəb proseslər və bu proseslərin Azərbaycan iqtisadiyyatına təsirlərinin artması fonunda həyata keçirilib. Çıxışında o, Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatına toxunaraq, tədiyə balansındakı yeni meyilləri, o cümlədən neftin qiymətinin cari əməliyyatlar hesabına və neft gəlirlərinə təsirləri, kapitalın və maliyyənin hərəkəti hesabının tədiyə balnasında yaranmış kəsirdə əsas rol oynaması, bunun valyuta bazarına təsirləri və bu şəraitdə məzənnə rejimin liberallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd olundu ki, məzənnə rejiminin liberallaşdırılması mövcud iqtisadi şəraitdə obyektiv reallığa çevrilmiş və bu, tədiyə balansının, valyuta ehtiyatlarının strateji dayanıqlığının artırılmasında, habelə ölkə iqtisadiyyatının qlobal iqtisadiyyatdan gələn mənfi təsirlərdən effektiv qorunmasında, həmçinin pul siyasətinin çevikliyinin və makroiqtisadi səmərəsinin gücləndirilməsində mühüm addımlardan biridir.

Məzənnə rejiminin çevikliyinin artırılması üçün E.Rüstəmov 2016-cı ildə görülən hazırlıq işlərinə də toxundu. Qeyd edildi ki, Prezident İlham Əliyevin 15 iyul 2016-cı il tarixində "Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” imzaladığı Fərman və bu Fərmandan irəli gələrək "2017-ci ildə və ortamüddətli dövrdə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə Tədbirlər Planı”nın hazırlanaraq təsdiq olunması və icrasına başlanmasının mühüm əhəmiyyət kəsb edir. İclasda o da vurğulandı ki, bütün bu tədbirlər iqtisadi artımın zəruri şərtlərindən biri olan makroiqtisadi sabitləşmənin başlıca platformasını təşkil edir və cənab Prezidentin imzaladığı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Fərmanına uyğun olaraq üzən məzənnə rejiminə rəvan keçid üçün əlverişli zəmin yaradır. Sonra E. Rüstəmov 2016-cı ildə pul siyasətinin həyata keçirilməsi barədə kollektivi məlumatlandıraraq, xüsusilə qəbul edilmiş pul proqramının reallaşması, pul siyasəti alətlərinin mövcud makroiqtisadi şəraitə uyğun tətbiq edilməsi barədə danışdı.

Sonra E.Rüstəmov iqtisadi artım və onun amilləri, inflyasiyanın dinamikası, maliyyə sabitliyinin idarə olunması barədə də məlumat verdi. İclasda o da vurğulandı ki, Mərkəzi Bank öz fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş digər funksional istiqamətlərində də vəzifələrin yerinə yetirilməsini təmin etməklə ölkəmizin hərtərəfli inkişafına zəruri dəstək verib.

İclasda daha sonra Mərkəzi Bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənildi, geniş müzakirələr aparıldı, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Müzakirələrdə qeyd edilib ki, Mərkəzi Bankın fəaliyyətinin bütün istiqamətlərinin müasirləşdirilməsi üzrə intensiv iş aparılmış, pul proqramı üzrə əməliyyat hədəflərinin reallaşması təmin edilib, valyuta bazarında manatın məzənnəsinin kəskin volatilliyinə yol verilməyib, Mərkəzi Bankın mandat və funksiyalarına uyğun istiqamətlər üzrə tədqiqatlar aparılıb, institusional inkişaf prosesi sürətlənib, insan resurslarının inkişafına diqqət artırılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib.

E.Rüstəmov iclasa yekun vuraraq Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkdi. Bildirdi ki, Möhtərəm prezidentin irəli sürdüyü inkişaf strategiyasına uyğun olaraq milli iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli sənaye və kənd təsərrüfatı klasterlərinin inkişaf etdirilməsi, beləliklə orta müddətli dövrdə özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi, bu əsasda daha dayanıqlı iqtisadi artımın təmin edilməsi iqtisadi siyasətin qarşısında duran başlıca strateji çağırışdır. O, 2017-ci ildə qarşıda duran vəzifələr, o cümlədən makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasında Mərkəzi Bankın Maliyyə Sabitliyi Şurasının fəaliyyəti çərçivəsində görəcəyi işlər, pul siyasətinin əsas istiqamətləri, habelə ödəniş sistemlərinin inkişafı sahəsində nağdsız iqtisadiyyatın genişləndirilməsi vəzifələri, nağd pulun idarə edilməsi sahəsində ilk növbədə iqtisadiyyatın nağd pula olan tələbi vaxtında və müvafiq strukturda ödənilməsinin vacibliyi, eləcə də Mərkəzi Bankın daxili institusional inkişafı sahəsində görüləcək tədbirlər barədə məlumat verdi.

Yekun nitqinin sonunda E.Rüstəmov yeni çağırışlardan, xüsusilə də Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən, Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatından, eləcə də Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının qəbul etdiyi Tədbirlər Planından irəli gələn aidiyyəti vəzifələrin uğurla icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirdi.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər