Ağ Ev-in saytında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı petisiya səsverməyə çıxarılıb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-da "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb.
BAKU.WS xəbər verir ki, bunu AVCİYA-nın prezidenti Elxan Süleymanov aprelin 7-də keçirdiyi mətbuat konfransında deyib. Qeyd edilib ki, AVCİYA-nın 12 illik fəaliyyətinin əsas xəttini Qarabağ həqiqətlərinin, Ermənistanın işğalçı siyasətinin, tarix boyu xalqımıza qarşı törədilən soyqırımı və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması təşkil edir.
Elxan Süleymanov düşmənlə mübarizədə yanlış informasiyanın qarşısının alınmasında medianın üzərinə böyük vəzifə düşdüyünü deyib. O, dünyada Azərbaycana qarşı ciddi təzyiqlərin olduğunu vurğulayaraq, bu baxımdan düzgün informasiyaların yayılmasının vacibliyini qeyd edib. Bildirib ki, informasiyalarda Azərbaycanın müdafiə olunduğu, Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı cavab verdiyi və bu qəbildən məqamlar xüsusi qabardılmalıdır. Hərbi əməliyyatlarda Azərbaycanın Ordusunun əldə etdiyi qələbələr göstərdi ki, Azərbaycan öz torpaqlarından və onun azad edilməsi uğrunda mübarizədən əl çəkməyəcək. Bu, həmçinin beynəlxalq təşkilatların bu torpaqların işğalını unutdurmaq cəhdlərinin qarşısına sədd çəkərək məsələyə diqqəti daha da artırdı. Üstəlik bu uğurlar danışıqlar prosesinin sürətləndirilməsinə yeni impuls verib.
AVCİYA prezidenti beynəlxalq təşkilatların hərbi əməliyyatlarla bağlı bəyanatlarında qərəzli mövqe ortaya qoyduqlarını xatırladaraq deyib: "Biz 40-dan çox bəyanatı araşdırdıq. Yalnız İslam Əməkdaşlıq Təşkilatının və AŞPA prezidenti Pedro Aqramuntun bəyanatlarında Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsinin vacibliyi vurğulanıb. Münaqişənin həllinin Minsk qrupuna həvalə edilməsi, Azərbaycana qarşı müxtəlif təzyiqlərin, iftiraların hamısı torpaqlarımızın işğalı faktını bizə unutdurmaq məqsədini daşıyır. Ona görə də biz hamımız birləşərək buna qarşı güclü mübarizə aparmalıyıq”.
Bu baxımdan geniş ideoloji mübarizə aparılmasının vacibliyini xüsusi vurğulayan AVCİYA prezidenti deyib ki, biz beynəlxalq təşkilatların qərəzli münasibətlərini, iftiralarını, hücumlarını ifşa etməli və bütün dünyaya yaymalıyıq. Ağ Ev Administrasiyasına ünvanlanan petisiya da məhz bu məqsədi daşıyır.
Bildirilib ki, bu müraciətdə Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir.
Petisiyanın əhəmiyyətindən danışan E.Süleymanov deyib: "Bu sənədin önəmi ondan ibarətdir ki, Avropa Şurasının 46 ölkəsinin səs verdiyi qətnamə Ağ Evin saytında dünyaya çatdırılır. Həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra sudan silah kimi istifadə etməsi faktının xüsusi vurğulanması da petisiyanın önəmini artırır”.
Sonra petisiya ilə bağlı videoçarx nümayiş etdirilib və Ağ Ev Administrasiyasının saytında sənədə səsvermə qaydaları barədə məlumat verilib. Bildirilib ki, qaydalara görə, petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Petisiyanı 13 yaşdan yuxarı şəxslər imzalaya bilərlər. AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması məqsədilə geniş təbliğat kampaniyasına başlayıb. Kampaniya çərçivəsində ay ərzində çoxsaylı aksiya və görüşlərin keçirilməsi, məlumatlandırıcı materialların paylanılması və sair bu kimi fəaliyyətlərin icra edilməsi planlaşdırılır.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev şəhidlərimizlə bağlı tapşırıq verdi
"Göstəriş verirəm ki, Nazirlər Kabineti həlak olanların ailələrinə maddi yardım göstərmək üçün təkliflər irəli sürsün və Müdafiə Nazirliyi döyüş əməliyyatlarınd...