SİZİN REKLAM BURADA!
055 213 76 73


Avqustun 9-da Belarusda keçirilən prezident seçkiləri nəticəsində hazırkı prezident Aleksandr Lukaşenkonun 6-cı dəfə qalib olması özü ilə birlikdə dinc və iğtişaş dolu etirazları gətirib. Həm etirazçılar, həm də şəhərdə sakitlik yaratmağa çalışan güc strukturları arasında yaralananlar olub.

BAKU.WS Baku.tv-yə istinadən xəbər verir ki, bununla birlikdə dünyanın diqqəti Şərqi Avropaya, məhz Belarusa yönəlib.

Bir çox dövlət rəsmiləri Minskdə baş verən nümayişlərdən narahatlıqlarını bildiriblər.

Ötən gün Avropa parlamentinin prezidenti David Sassoli Belarus Prezidenti Lukaşenkonu zorakılıqdan çəkinməyə çağırıb. Tvitter hesabında paylaşım edən Sassoli Belarus xalqının etiraz etmək hüququ olduğunu, dövlət orqanları tərəfindən güc tətbiq edilməsinin beynəlxalq hüquqa görə nəticələrinin də olacağını bildirib.

Hətta Fransa prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında olan telefon danışığında da Belarusda baş verən hadisələrə toxunulub.

ABŞ Dövlət katibi Mayk Pompeo da Belarusda prezident seçkisinin azad və ədalətli keçirilmədiyini və ölkədə baş verənlərdən narahat olduğunu bildirib. Pompeo bildirib ki, ABŞ Belarusda baş verənləri izləyir və etirazçılara qarşı tətbiq olunan zorakılıq barədə xəbərdarlıq edib. Pompeo ölkədə baş vermiş etiraz aksiyaları fonunda Belarusa qarşı sanksiya tətbiq edilməsini istisna etməyib.

Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak isə NATO-nu Belarusdakı vəziyyətə qarışmamağa çağırıb. O qeyd edib ki, Belarusda görülən işlər ilk növbədə qonşuluq dəstəyi məsələsidir, bu cür hərəkətlər Şimali Atlantika alyansı üçün uyğun deyil.

Şimal qonşumuz isə Belarusdakı son hadisələri yaxından izləyir. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya qardaş Belarus xalqına etibarlı müttəfiq və dost olub və qalır.

"Biz görürük ki, ölkədə parçalanma yaratmaq və sabitliyi pozmaq üçün suveren bir dövlətin daxili işlərinə qarışmağa açıq cəhdlər edilir. Bu cür cəhdlər başqa ölkələrdə də edilir".

Məşhurların da məsələ ilə bağlı müxtəlif fikirləri olub. Bir etirazçı tvitter paylaşımında İlon Mask və Bill Qeytsi işarələyərək onları ölkədə baş verənlərə təsir göstərməyə çağırıb, Mask isə “Bu barədə eşitmək ağırdır. Kömək üçün nə edə bilərik?” deyə cavab verib.

BAKU.WS
VİDEO