VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur".

BAKU.WS-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə "ASAN Həyat" kompleksinin açılışından sonra ASAN könüllüləri ilə görüş zamanı çıxışında deyib.

Dövlət başçısı bildirib:

"ASAN xidmət"in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan vermişdir. Şadam ki, bu innovasiyaları təqdim edən, onları icad edən gənclərdir. Beləliklə, qısa müddət ərzində ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi. Bəlkə on il bundan əvvəl heç kim təsəvvür edə bilməzdi ki, bir mərkəzdə 320 xidmət göstərilə bilər. Bu xidmətlərin yüksək innovativ əmsalı var. Eyni zamanda, bu mərkəzlərdə şəffaflığın dərəcəsi mütləqdir. Yəni, "ASAN xidmət"in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi. İctimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi. İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Amma artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq.

Bildiyiniz kimi, "ASAN xidmət" mənim təşəbbüsümlə yaradılmışdır və mənim göstərişlərim əsasında öz fəaliyyətini genişləndirmişdir. Ancaq "ASAN xidmət"i yaradan sizsiniz, gənclərdir - "ASAN xidmət"in rəhbərləri, kadrları, işçiləri. Bu gün biz elə bir mükəmməl sistem yaratmışıq ki, haqlı olaraq bununla fəxr edə bilərik. İnsanların rahatlığını, ədaləti, şəffaflığı təmin etdik. Ona görə "ASAN xidmət", sadəcə olaraq, bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir. Ölkəmizin müasir inkişafı ilə tam uzlaşan bir təşəbbüsdür, böyük bir layihədir. Bunun çox böyük ictimai mənası var. Əlbəttə ki, burada işləyən insanlar, öz xidmətləri, öz işləri ilə "ASAN xidmət"i bu yüksək səviyyəyə qaldırdılar. Çünki hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur".

BAKU.WS