Adil Əliyev: "Əfv Sərəncamı ölkə Prezidentinin növbəti humanist addımıdır"
Prezidenti İlham Əliyev Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Bu, dövlətimizin başçısının növbəti humanist addımıdır. Cəmiyyət həmişəki kimi, Prezidentin bu qərarını müsbət qiymətləndirib. Ancaq müxalifətin marginallaşan hissəsi yenə də öz ampluasındadır. Bir neçə gün əvvəl sual edirdilər ki, əfv Sərəncamı niyə verilmir. Əfv Sərəncamı imzalanır, indi isə bu fikrin tərsini deyirlər.
Görünür, bu bədniyyətli insanlar Prezidentin Sərəncamını sonadək oxumayıblar. Həmin sənədin giriş hissəsini radikal müxalifətin diqqətinə çatdırmaq istəyirəm. Sərəncam dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.
BAKU.WS xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev söyləyib.
Adil Əliyev qeyd edib ki, bu Sərəncamdan bir neçə gün əvvəl 200 məhbus da azadlığa buraxılmışdı. “Bundan başqa, adına “siyasi məhbus” dedikləri şəxs azad olunaraq Avropa ölkələrindən birinə köçdü. İndi isə yaşı 65-dən yuxarı olan 176 məhkum əfv edildi. Sözdə liberal dəyərlərdən dəm vuran kəsim əslində əfvə qarşı çıxmaqla elan etdikləri dəyərlərin əleyhinə gedir. Koronavirusa görə əfv fərmanları bir neçə, o cümlədən radikal müxalifətin sitayiş etdiyi ölkələrdə də verilib.
Qəribə məntiqdir. Radikal müxalifət həmin ölkələrdə əfv fərmanları veriləndə alqışlayır, onları nümunə göstərir, oxşar sənəd Azərbaycanda qəbul olunanda buna etiraz edir. Yəni, Prezidentin hansı qərar verməsindən asılı olmayaraq, ona qarşı kəskin müxalifdirlər. Əlbəttə, radikal müxalifətdən tərif gözləmirik, ancaq marginallar ağa qara deməklə ancaq ətrafındakı məhdud qrupu aldada bilərlər. Cəmiyyət isə növbəti əfv Sərəncamını alqışlayır”, - deyə Adil Əliyev bildirib.
Əfv olunanlar arasında azadlıqdan ömürlük məhrum edilmiş iki nəfərin olduğunu deyən sədr müavini diqqətə çatdırıb: “Onlardan biri 20, digəri isə 25 il cəza çəkib. Radikal müxalifətin sosial şəbəkələrdəki “liderləri” və onların trolları bunu dəyərləndirmək əvəzinə, diqqəti ağır cinayət törədən və əfv olunan bir neçə şəxs ətrafında cəmləyiblər.
Radikal müxalifət yeni mövzu axtarışında məntiqsiz “Niyə onlar əfv olundu, bizimkilər əfv olunmadı” sualı ilə sosial şəbəkələrdə gündəmi məşğul etmək istəyirlər. Daha anlamırlar ki, əfv Sərəncamı, radikal müxalifətin təbirincə desək, “onlar” ilə “bunlar” arasında fərq qoymur. Ona qalarsa, əfv olunanlar arasında Nardaran hadisələrinə görə həbs olunan və radikal müxalifətin dəstəklədiyi iki nəfər də var. Göründüyü kimi, dövlət kimsədən qisas almır”.
Əfv Sərəncamının cəzasının bir hissəsini çəkmiş, ciddi xəstəliyi olan və virusa yoluxma baxımından həssas qrupa – yaşı 65-dən yuxarı olan insanlara şamil edildiyini xatırladan Adil Əliyev bildirib: “Ancaq marginallar əfv olunmalı şəxslər arasında elə ad çəkirlər ki, heç həmin şəxsin hələ məhkəməsi olmayıb. Hansı hüququ dövlətdə məhkəməsi olmayan şəxsi əfv edirlər?”
Prezidentin və Birinci vitse-prezidentin təşəbbüsü ilə dəfələrlə əfv sərəncamlarının verildiyini, amnistiya aktlarının qəbul olunduğunu qeyd edən sədr müavini deyib: “Bəzən il ərzində bir neçə dəfə əfv sərəncamları olur. Ötən illər ərzində minlərlə məhbus azadlığa çıxıb. Dövlətimizin başçısı azadlıqdan məhrum edilən və cəzasının böyük hissəsini çəkmiş insanları azadlığa buraxmaqla onlara ailələrinə qovuşmaq, etdikləri səhvdən nəticə çıxarmaq üçün şans verir. Koronavirusun yayıldığı indiki məqamda bu şans həm də həssas qrupa daxil olan insanlara münasibətdə humanist bir addımdır”.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...