SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Müsavat Partiyasının qərargahında müxalifət partiyalarının dəyirmi masası keçirilib. Toplantıda Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, “Turan” Agentliyinin rəhbəri Mehman Əliyev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və başqaları iştirak ediblər.

Bura qədər hər şey normal görünür. Amma sabiq səhiyyə naziri Əli İnsanovun görüşdə iştirakı isə birmənalı qarşılanmayıb. Belə ki, onun toplantıda iştirakı rəsmən müxalifətə qoşulması kimi qiymətləndirilir.

Ona görə ki, bir zamanla Əli İnsanov nazir olarkən dünən eyni masa arxasında oturduğu şəxsləri söyür, onlar casus, faşist adlandırırdı. Dünənki toplantıda isə onlarla hakimiyyətə qarşı birgə mübarizə aparacağını bildirib. Üstəlik ədalətsizlikdən danışıb. Hansı ki, 2005-ci ildə özü məhz ədalətsizliyə, minlərlə insanın cibindən oğurladığı pullara görə, qısacası korrupsiyaya və dövlətin külli miqdarda vəsaitini mənimsədiyinə görə həbs edilmişdi.


Qısaca həbs məsələsinə nəzər salaq

Əli İnsanov 47 yaşında ikən - 1993-cü ildə Səhiyyə naziri təyin edilmiş və 12 il ərzində bu vəzifəni icra etmişdi. 2005-ci ildə onun korrupsiya əməlləri üzə çıxarılmış və oktyabrda həbs edilmişdi. Evində keçirilən axtarış zamanı milyonlarla pul və qızıl külçələr tapılmışdı.

2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

2016-cı il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürülüb və 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. 17 mart 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb. Azadlığa çıxdıqdan sonra verdiyi ilk açıqlamada isə əvvəlki çıxışlarında söydüyü ABŞ və Qərbə təşəkkür etmişdi.


Niyə Əli İnsanov?

Görünür ki, Əli İnsanov üçün dəyər anlayışı durduğu mövqeyə görə dəyişir. Nazir olarkən söydüyü şəxslərlə bu gün bir masada əyləşir və gələcək hədəflərdən danışır. Müxalifət isə bəlkə də ona “yeni xilaskar” kimi baxır. Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Söyün Sadıqov kimi “xilaskarların” lider kimi seçilməsinin fiaskoya uğraması heç kimə sirr deyil.

Durduğu mövqeyə görə qarşısındakılara münasibətini dəyişən Əli İnsanovun sabah müxalifətə böyük zərbə vuracağı da istisna deyil. Çünki Əli İnsanov öz maraqlarına görə dünən dost dediklərini bu gün rahatlıqla düşmənə çevirə bilir.

Müxalifət cəbhəsində müəyyən dönəmlərdə bu tip qısamüddətli birliklər olub. Sonda isə yenə parçalanmalar baş verib. Buna şəxsi ambissiyalar, liderlik həvəsi və digər faktorlar da səbəb olub. Əli İnsanovun isə bu birlikdə nə qalacağı və hansı işlər görəcəyi isə hələlik sual altındadır. Üstəlik onun cəmiyyətdə korrupsioner məmur kimi yaddaşlarda qalması onun özünə tərəfdar yığa biləcəyi də real görünmür.
Müxalifətin Əli İnsanovu öz masalarında əyləşdirməsi bəs nəylə əlaqədardır? Ola bilərmi ki keçmiş nazirin millətdən soyub-taladığı və gizli saxladığı sərvəti buna səbəb olub? Yoxsa bir zamanlar onları söyən şəxslə niyə eyni yolu getməyə razı olsunlar ki?!



Ciddi elektorat dəstəyi və zəngin siyasi təcrübəsi olmayan bir şəxsin müxalifətin vacib görüşünə çağırılması əlbəttə ki, onun siyasi çəkisi ilə bağlı deyil. Burada şəxsi maraqlar və maliyyə məsələləri mütləq önə çıxır. Xüsusilə Söyün Sadıqovdan sonra maliyyə bazası zəifləyən müxalifətə də Əli İnsanov kimi şəxs “hava-su” kimi lazım idi.

Reallıq budur ki, insanov illərlə sərvət taladığı üçün həbs edilməsinə görə özünü günahkar bilməyərək hökumətə qarşı sərt mövqe tutduğu üçün hazırda “intiqam” arzusundadır. Məhz buna görə də vaxtilə dediyi sözlərini udaraq “müxtəlif masalara qonaq olur”.
BAKU.WS