SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat nazirlikləri və Prezident Administrasiyası ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt şəhərinə səfərini təşkil edib.

BAKU.WS
  xəbər verir ki, Sumqayıt şəhərinin inkişafı ilə yaxından tanış olmaq məqsədilə təşkil olunmuş bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 60-dan çox nümayəndəsi iştirak edib.


Səfər çərçivəsində diplomatlar Sumqayıt şəhərində fəaliyyət göstərən sənaye müəssisələrində olublar. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov diplomatlara Kimya Sənaye Parkında görülən işlər barədə məlumat verib. Bildirib ki, vaxtilə mövcud olmuş köhnə müəssisələr Prezident İlham Əliyevin tapşırığı ilə sökülərək yerində müasir standartlara cavab verən, ekoloji cəhətdən təmiz yeni zavodlar tikilməyə başlandı. Bu zavodların bir hissəsi artıq açılıb, digərləri isə cari ilin sonunadək açılacaq. Bu müəssisələrin açılması Sumqayıtda işsizlik probleminin aradan qaldırılmasına mühüm töhfə verib.


Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında keçirilən görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə sənayenin inkişafı, əhalinin sosial rifahının, xüsusilə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının təşəbbüsü ilə görülən işlərdən danışıb. Şəhər rəhbəri Sumqayıtın dünyanın 19 şəhəri ilə qardaşlaşdığını vurğulayıb.


Sumqayıt şəhərinə səfər çərçivəsində diplomatlar, həmçinin Lüdviqshafen parkında, “Kimyaçı” Mədəniyyət Sarayında, Heydər Əliyev Parkında, Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Bayraq Muzeyində və dənizkənarı bulvarda olub, şəhərdə görülmüş işlərlə yaxından tanış olublar.

BAKU.WS