SİZİN REKLAM BURADA!
055 213 76 73



“İstər sənaye, istər kənd təsərrüfatı istehsalı, istərsə də infrastruktur layihələrinin icrası ilə bağlı işlər ən yüksək səviyyədədir”.

BAKU.WS-in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunda “Region Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi ilə görüşdə söyləyib.

Dövlət başçısı deyib ki, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu dünyada yol infrastrukturu ilə bağlı reytinqini açıqlayıb: “Bu reytinqə görə, Azərbaycan MDB məkanında yol infrastrukturu üzrə 1-ci, dünya miqyasında isə 36-cı yerdədir. Azərbaycanda nəinki yol infrastrukturu, bütün infrastruktur ən yüksək səviyyədədir, o cümlədən Goranboy rayonunda. Baxın, son illər ərzində nə qədər böyük işlər görülmüşdür. Goranboy rayonunda bir neçə yol layihəsi icra edilib. Onlardan ikisi bu gün açılır. Bütövlükdə bu layihələrin icrası nəticəsində artıq rayon əhalisinin 60 faizi təmir edilmiş yollarla təmin edilir. Gələn il bir yol layihəsi icra ediləcək. O da 15 məntəqəni əhatə edəcək. Beləliklə, demək olar ki, Goranboy rayonunun əsas yol infrastrukturu tamamilə yenidən qurulacaq”.

Prezident İlham Əliyev bildirib ki, Goranboy rayonunda elektrik xətləri çəkilib, elektrik təchizatı həll olunub: “İki yarımstansiya inşa edilib, biz onlardan birini bu gün istifadəyə verəcəyik. Ev təsərrüfatlarının 95 faizi qazlaşdırılıb, içməli su təchizatı məsələsi hələ 4 il bundan əvvəl öz həllini tapıb. Mən sonuncu dəfə burada olarkən biz içməli su layihəsini istifadəyə verdik. Suvarma ilə bağlı işlər yüksək səviyyədədir. Bax, bu aqroparkda 4700 hektar torpaq suvarma suyu ilə təmin ediləcək. Şəmkirçay su anbarının tikilməsi nəticəsində yaranmış o süni gölün potensialından istifadə edirik. Goranboy rayonunda əlavə 8 min hektar, eyni zamanda, Samux rayonunda bir neçə min hektar torpaq su ilə təmin ediləcəkdir. Yəni, Goranboy rayonunun timsalında görülən işlərin mahiyyəti və əhəmiyyəti budur. İnfrastruktur layihələri, sosial infrastrukturla bağlı layihələr demək olar ki, tam icra edilib. Goranboy rayonunda 40-dan çox məktəb təmir edilib və tikilib. Hazırda 130 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikintisi gedir, bu ilin sonuna qədər istifadəyə verilməlidir. Xalça fabriki tikilir, yenə də bu ilin sonuna qədər istifadəyə verilməlidir. Yəni, bütün bu işlər onu göstərir ki, ölkəmiz uğurla, inamla inkişaf edir. Bütün regionlar inkişaf edir. Regionların kompleks inkişaf konsepsiyası həyatda öz əksini tapır. İş yerləri, yerli istehsal yaradılır. Bir daha deyirəm ki, dünyanın bir nömrəli şirkətinin texnikası bu gün Goranboydadır, ölkəmizin hər bir yerindədir. Biz son illər ərzində kənd təsərrüfatı üçün minlərlə texnika almışıq və yenə də alacağıq. Bir daha demək istəyirəm ki, bu aqroparkın yaradılması bizim uğurlu siyasətimizin təzahürüdür, onun göstəricisidir”.

BAKU.WS